Prezident: “Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən deyib.
Ulu öndərin yubileyləri ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd edib:
“Mən ulu öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə, – artıq sağlamlığı o qədər də yerində deyildi, – Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.