MİDA sosial binaların inşasına başlayır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanın daha bir rayonunda sosial binaların inşasına başlayır.
Millinews.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, çoxmənzilli yeni yaşayış binaları Yevlax şəhərində yerləşəcək. Sosial mənzillər üçün şəhərin Rəşid Budaqov küçəsi 1 ünvanında iki hektara yaxın ərazi müəyyənləşib. Həmin ərazidə Yevlax Yaşayış Kompleksi inşa olunaraq satışa çıxarılacaq. Kompleksdə ümumilikdə 6 çoxmənzilli yaşayış binasının inşası nəzərdə tutulub. Yeddimərtəbəli 6 binadan ibarət kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq. Hazırda Agentlik kompleksin tikintisini həyata keçirəcək inşaat şirkətlərinin axtarışındadır. Bu kompleksi inşa etmək istəyən tikinti şirkətləri MİDA-ya müraciət edə bilərlər.
Qeyd edək ki, daha əvvəl MİDA-nin yaşayış kompleksi layihələri Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Füzuli və Cəbrayılı əhatə edirdi. Eyni zamanda Şirvan Yaşayış Kompleksinin də inşasına başlanılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.