Moskva ABŞ-dan tələb etdi: Peyk görüntülərini təqdim et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığı göstərmək əvəzinə Qəzza zolağında xəstəxanaya hücumun peyk şəkillərini təqdim etsin
Millinews.az xəbər verir ki, Lavrov bu barədə “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında deyib.
“İndi hamı Qəzzadakı faciəni müzakirə edir, xəstəxanaya hücum edilib, yüzlərlə insan həlak olub, yüzlərlə insan yaralanıb. Biz də amerikalılardan peyk məlumatlarını istəyə bilərik, çünki onlar bu ərazini peyklərdən dəqiq izləyirlər. Bu cür hücum diqqətdən kənarda qala bilməzdi”, – Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasının zəruriliyi ilə bağlı qərarlarına sadiqdir:
“Biz BMT Təhlükəsizlik Şurasının heç kimin ləğv etmədiyi və heç kimin imtina etmədiyi qərarlarına sadiqik. Bu qətnamələr paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətinin yaradılmasına dair razılaşmaların əldə olunmasını nəzərdə tutur”.
O, ümid etdiyini bildirib ki, Fələstin və İsrail özlərinə gəlib danışıqlar masasına əyləşəcəklər. “Xəritəyə baxmaq və əməli hərəkətlərimizi BMT Təhlükəsizlik Şurasının qərarı ilə əlaqələndirmək, 1967-ci ildən bəri formalaşmış reallıqları nəzərə almaq lazımdır”, – Lavrov vurğulayıb.
Tural