Qocalıq neçə yaşdan başlayır?
ÜST hesab edir ki, erkən qocalıq dövrü 60 yaşdan başlayır, onun əsas mərhələsi 75 yaşdan 90 yaşa qədər davam edir, sonra isə uzunömürlülük dövrü gəlir.
Millinews.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Dövlət Təhsil Universitetinin Fundamental tibb fənləri kafedrasının baş müəllimi Sergey Stepanov deyib.
“ÜST-ün məlumatına görə, erkən qocalıq dövrü 60 yaşdan başlayır, qocalıq 75-90 yaş hesab olunur. 60 yaşdan başlayaraq orqanizmin bütün fizioloji funksiyalarının tədricən azalması və zəifləməsi müşahidə olunur. Bədənin bu proseslərini izah edən müxtəlif nəzəriyyələri var”, – müəllim bildirib.
S.Stepanov xüsusilə vurğulayıb ki, genetik nəzəriyyə yaşlanma prosesinin proqramlaşdırılmış və qaçılmaz olduğunu bildirir. Sərbəst radikal nəzəriyyəsinə görə, qocalma orqanizmdə sərbəst radikalların yığılması nəticəsində baş verir. Yaşlanmanın əsas əlamətləri xarici amillərə uyğunlaşma qabiliyyətinin azalması, immunitetin zəifləməsi, şiş proseslərinə qarşı müqavimətin pisləşməsidir. İnsanın həyatı boyu keçirdiyi müxtəlif xəstəliklərin nəticələri də bütün bədən sistemlərinin ehtiyatlarını tükəndirir. Düşünmək və yadda saxlamaq qabiliyyəti də daxil olmaqla idrak qabiliyyətləri təsirlənir, həmçinin görmə və eşitmə qabiliyyəti pisləşir, damar elastikliyi zəiflədikcə hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf riskini artırır, maddələr mübadiləsi pozulur, buna görə də osteoporoz inkişaf edir.
Alimlər hələ qocalma mexanizminin dəqiq təbiətini müəyyən edə bilməyiblər. Bu mexanizmi işə salan proseslər və onların qarşısını almaq və ya geri qaytarmağın mümkün olub-olmadığı da aydın deyil.
Eyni zamanda, tədqiqatçılar yaşlanma prosesinə irsiyyətin genetik faktorunun əhəmiyyətli dərəcədə təsir etdiyi qənaətinə gəliblər. Yəni əgər bir ailədə uzunömürlülər varsa, onların eyni şəraitdə olan uşaqlarının da çox yaşamaq ehtimalı böyükdür.
Aytən Məftun
.