“400-500 manat maaş alırdım, amma əsas komandada idim”

Necə olacağını bilmirdim. Həmin vaxt da “Qarabağ” Çempionlar Liqasında çıxış edirdi və U-19 Gənclər Liqasında oynayırdı. Mənim onsuz da uşaqlıqdan xarakterimdə problem var idi, davakar idim. Getdim və Rəşad Sadıqov mənə dedi ki, səni çoxdandır izləyirəm və komandamda görmək istəyirəm, amma xarakterini dəyişməlisən.
Bu sözləri “Qafqazinfo”ya müsahibəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.
O fikirlərini belə davam edib: “Bildirdi ki, potensialın böyükdür və yaxşı oyunçu ola bilərsən. Bildirdi ki, hər şey yaxşı olacaq və özünə güvən. Ondan sonra U-19-da oynadım, əvəzedici komandaya getdim, əsas komandada məşqlər edirdim. Sonra “Sumqayıt”a icarəyə getdim və orada da yaxşı çıxış etdim. Ayxan Abbasovun rəhbərliyi altında oynadım. O məni Rəşad Sadıqovdan istəmişdi.
Getdim bir il oynadım və əsas heyətdə çıxış etdim. Ayxan müəllimin də üzərimdə əməyi var. 400-500 manat maaş alırdım, amma əsas komandada idim. Sumqayıta gedib-gəlmək də çətin idi. Qazanırdım, evə kömək edirdim, buna çox sevinirdim. Futboldan pul qazanmaq da ayrıca xoşbəxtlik idi. İcarə müddətim bitəndə “Qarabağ”a qayıtmalı olduğumu bildirdilər. Amma hamı deyirdi ki, “qal Sumqayıtda, “Qarabağ”a getsən, ehtiyatda oturacaqsan”. Özüm də nə edəcəyimi bilmirdim”.



