Füzuli sakini: “Köçkünlük həyatını unudub yalnız gələcəyə baxmaq istəyirəm”
“O günləri xatırlamaq istəmirəm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Seymur Hüseynov deyib.
O bildirib ki, köçkünlük həyatını unudub yalnız gələcəyə baxmaq istəyir:
“Füzulidən köçkün düşəndə 11 yaşım var idi. Böyük travma idi o yaşda elə bir taleni yaşamaq. Çox çətin, ağrılı-acılı günlər idi. Şükür ki, həmin günlər keçmişdə qaldı, artıq gələcəyə baxmaq istəyirəm. Öz doğma torpağıma qovuşuram bu gün, çox sevincliyəm. Ailəmlə, sevdiklərimlə öz yurduma qayıdıram. Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, bizə bu günləri yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Xatırladaq ki, bu gün Bakıdan daha 21 ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb. İndiyədək Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova