ŞAD XƏBƏR: Bu ailələrin övladları dövlət hesabına təhsil ala bilər…

Azərbaycanda sosial həssas təbəqədən olan ailələrin övladlarının ali təhsilə çıxış imkanları yenidən müzakirə predmetinə çevrilib. Maraqlıdır, ünvanlı sosial yardım alan ailələrin övladlarına dövlət hesabına təhsil imkanı yaradıla bilərmi?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda dövlət sifarişli əsaslarla təhsil bütün abituriyentlər üçün əlçatandır və bu, ailənin ünvanlı sosial yardım alıb-almamasından asılı deyil.
Ekspertin sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin övladları da digər abituriyentlər kimi qəbul imtahanlarında yüksək nəticə göstərməlidirlər:
“Abituriyent ünvanlı sosial yardım alırsa, bu, onun üçün əlavə üstünlük yaratmır. Əksinə, daha məsuliyyətlə hazırlaşmalı və yüksək bal toplamalıdır. Hazırda bəzi ixtisas qruplarında 250, hətta 220–230 balla belə dövlət sifarişli yerlərə qəbul olmaq mümkündür. Amma bəzi qruplarda, məsələn 3-cü ixtisas qrupunda keçid balları 450-dən yuxarıdır”.
R.Nurəliyev vurğulayıb ki, abituriyentin dərslərə laqeyd yanaşması dövlət sifarişli yerlərə düşməməsinə səbəb ola bilər. Onun sözlərinə görə, hazırda ödənişli təhsilin dövlət hesabına qarşılanması yalnız xüsusi kateqoriyalara şamil edilir:
“Şəhid övladları, müharibə veteranları, birinci qrup əlillər, valideyn himayəsindən məhrum olmuş şagirdlər və digər xüsusi kateqoriyalar bu siyahıya daxildir.
Ünvanlı sosial yardım alan ailələrin övladları isə bu kateqoriyaya daxil edilmir”.
Təhsil eksperti qeyd edib ki, əgər gələcəkdə ünvanlı sosial yardım alan ailələrin övladlarının da ödənişli təhsil haqlarının dövlət tərəfindən qarşılanması tətbiq olunsa, bu, müsbət addım olar. Lakin hazırda belə bir mexanizm mövcud deyil.
R.Nurəliyev hesab edir ki, bu məsələdə əsas çətinlik ünvanlı sosial yardım alan ailələrin sayının çoxluğu ilə bağlıdır:
“Əgər bu kateqoriyaya da təhsil haqqının ödənilməsi tətbiq edilsə, növbəti mərhələdə 2-ci və 3-cü qrup əlillər üçün də eyni tələblər ortaya çıxa bilər. Bu isə sosial sahədə geniş öhdəliklər yaradar. Hazırda bu məsələ dövlətin gündəmində deyil”.
Ekspertin fikrincə, gələcəkdə sosial siyasət mərhələli şəkildə dəyişə və uzun müddət sonra bütün abituriyentlərin dövlət hesabına təhsil alması modeli formalaşa bilər. Hazırkı mərhələdə isə ünvanlı sosial yardım alan ailələrin övladları üçün əsas yol yüksək bal toplayaraq dövlət sifarişli yerlərə qəbul olunmaqdır.



