“Azərbaycanda Kolxozlar geri qaytarılmalıdır”

“Kolxoz”lar geri qaytarılmalıdır.
AMEA-nın müxbir üzvü, professor, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Teleqraf İnformasiya Agentliyinə müsahibəsində belə deyib:
“Bildiyiniz kimi, ölkədə təxminən 3,4 milyon insan torpaq payı alıb, bu isə 892 min ailəyə düşür. Mən istərdim ki, kiçik torpaqlar birləşdirilərək kooperasiyalar yaransın. Hazırda vəziyyət belədir, məsələn, 50 hektar sahə 50 ailəyə paylanıb. Bu isə məhsuldarlığa və bitki mühafizəsinə mənfi təsir göstərir. Bitki mühafizəsi baxımından ciddi problem yaradır. Tutalım, bir çəyirtkə 3-4 gün ərzində 15-20 km yol qət edə bilir. Əgər biri buğda, digəri isə arpa əkibsə, xəstəlik və zərərvericilər sürətlə yayıla bilir.
Aqrar sahədə öz qanunları var. Əkin növbəsi, rotasiya və digər qaydalar tətbiq olunmalıdır ki, eyni ailəyə məxsus bitkilər eyni xəstəliyə yoluxmasın. Badımcan çiçəklilər fəsiləsinə aid bitkilər var: kartof, badımcan, pomidor, bibər və sair. Fermer bu il kartof, növbəti il badımcan əkirsə, bu bitkilər eyni xəstəliklərə yoluxur. Nəticədə torpaqda infeksiya artır, torpağın bərəkəti azalır, məhsuldarlıq düşür və bitkilər xəstəliklərə qarşı müqavimət göstərə bilmir. Bunun qarşısını almaq üçün iri torpaq sahələrinin formalaşdırılması və elmi əsaslarla əkin dövriyyəsinin aparılması vacibdir.
Dövlət səviyyəsində – parlamentin qərarları və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bu istiqamətdə işlər aparılır. Lakin insanların bir hissəsi “kooperativ” və ya “korporativ təsərrüfat” ifadəsini eşidəndə bunu kolxoz və sovxozlarla eyniləşdirir və bu modellərə ehtiyatla yanaşır. Bu isə islahatların qarşısında duran əsas problemlərdən biridir”.



