Pakistanın verdiyi vaxt başa çatdı: Minlərlə əfqan…
Pakistan hökumətinin qeyri-qanuni mühacirlərin ölkəni tərk etməsi üçün verdiyi müddət bu gün başa çatıb və minlərlə əfqan qaçqın öz ölkələrinə qayıtmağa başlayıb.
Millinews.az xəbər verir ki, Pakistanın müxtəlif şəhərlərində yaşayan minlərlə əfqan qaçqın öz ölkələrinə qayıtmaq üçün sərhədlərə axın edib. Sərhəddə uzun növbələr yaradan əfqanlar yük maşınları və avtobuslarla ölkəni tərk edirlər. Pakistanın daxili işlər naziri Sarfraz Buqti bildirib ki, hökumət sabahdan etibarən qeyri-qanuni mühacirlərə qarşı tədbirlər görməyə başlayacaq. O qeyd edib ki, təhlükəsizlik qrupları tərəfindən aşkar edilən sənədsiz əcnəbi vətəndaşlar saxlanılacaq və deportasiya olunacaqlar.
Xatırladaq ki, Pakistan hökuməti keçən ay Əfqanıstanla həmsərhəd bölgələrdə silahlı hücumların artması səbəbindən qeyri-qanuni mühacirləri noyabrın 1-dək ölkəni tərk etməyə çağırmışdı.
Birləşmiş Millətlər Təşkilatının təsisatları və insan haqları təşkilatları Pakistanın qaçqınları deportasiya etmək qərarına reaksiya verib. BMT-dən verilən bəyanatda əfqanların həyatlarının təhlükə altında olduğu və bu səbəbdən onların ölkələrinə qayıtmamaları lazım olduğu bildirilib.
Pakistanda yaşayan 4 milyondan çox əfqandan 1,7 milyonunun ölkədə qeyri-qanuni olduğu təxmin edilir. Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra ölkədəki 600-800 min əfqan qaçqın Pakistana köç edib. Pakistan hökumətinin bəyanatından sonra 200 mindən çox əfqan öz ölkələrinə qayıdıb.
Nəzrin