Millinews.az – İşğaldan azad etdiyimiz torpaqlarımızın yeni tarixlərini çap etmək lazımdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ruslan Zeynal yazır…
Mən 1-ci sinfə gedəndə müharibə artıq başlamışdı. Mingəçevirdə 6 saylı orta məktəbin binasında cəmi 1 il oxuduq. Sonra məcburi köçkünlər məktəbin binasına yerləşdirildi və bizi zavoda köçürtdülər. Müharibənin acısını köçkün həyatı yaşayan həmvətənlərimiz kimi biz şagirdlər də hiss etməyə başladıq. Zavod köhnə, divarları soyuq, damı dəlmə-deşik idi. Qışda yağış, qar yağanda sinifdə suyun içində, gödəkcədə oturduğumuz heç yadımdan çıxmır. Qəribədir ki, o dövrdə oxumaq, təhsil almaq eşqi bizi həvəsdən salmırdı. Arada bir dərsdən qaçıb, tennis oynayardıq, nə bilim dəcəllik edərdik. Amma dərslərimizi də oxuyurduq. Ağır günlərin ağrı-acısını bəlkə də tam dərk etmirdik. Axı uşaq idik…
Yarımçıq qalan təhsil və arzular
Sinif yoldaşlarım arasında sonradan dostlaşdığım və Laçından Mingəçevirə köçkün düşən Hasil də var idi. Mən babalarımın yurdu Şuşadan, o isə doğulduğu Laçından danışardı. Xocalıdan olan Günel də bizim sinfə sonradan gəlmişdi, elə Hasil kimi. Xocalıdan söz düşəndə hamımızın gözü yaşarırdı. Ümumiyyətlə həmyaşıdlarımız çox idi, həm sinifdə, həm də məktəbdə.
Kədərli və qayğılı illər…
90-ların uşaqları yaxşı bilir. Hamı ortabab yaşayırdı. Sovetlər dağılmışdı, müharibə isə minlərlə insanı elindən-obasından etmişdi. Valideynlərim orta statistik azərbaycanlılar idi. Atam rəsmən işsiz sayılırdı. Çünki işlədiyi zavod dağılmışdı. Anam isə müəllimə idi.
Nəğmə dərsimiz…
Yaxşı ki müəllimlərimiz o vaxt bizi vətənpərvər və milli ruhda tərbiyə edirdilər. Dərslərimizdə Qarabağ mövzusuna tez-tez toxunurduq. Tarix, ədəbiyyat, Azərbaycan dili dərslərində xüsusi ilə. Həmin dərslərdə etdiyim şıltaqlıqlar da az olmayıb. Nə isə, mətləbdən uzaqlaşmayım…
Anam musiqi müəlliməsi idi. Mən paralel olaraq musiqi məktəbində tardan da dərs alırdım. Dərnəyimiz də var idi. Qarmonda Yusif ifa edirdi. Nağarada çalanımız, yaxşı səsi olanlarımız da var idi. Eh!
Gündəliyim evdə qalıb, müəllimə…
Bu ifadə “2” alanda ən çox gətirilən bəhanədir yəqin ki. Məncə çoxlarında belə olub. Axı pis qiymət almaq istəmirdik. Yadımdadır, o illərdə gündəliklərin arxasında işğal olunan ərazilərimizin tarixi də qeyd olunurdu. Məsələn, Şuşa 02.08.1992, Ağdam 23.07.1993… Xankəndi, Xocalı və s.
İndi düşünürəm ki, o vaxt həmin rəqəmlərin necə də ağır taleyi olub. Tarixə belə qanlı-qadalı şəkildə həkk olunublar. Müəllimlərimiz həmin işğal günlərində lövhədə o rəqəmləri təbaşirlə yazanda sanki bir nifrət yaranırdı içimizdə onlara qarşı. Axı rəqəmlərin nə günahı var idi ki?! Bəzən silgini götürüb silmək istəyirdik. Amma lövhədən silinsə də, o işğal tarixləri ömrümüzdən silinmirdi. Biz bu tale yükü ilə yaşayırdıq. Ta ki…
Yükümüz götürüldü…
Zavodda keçən məktəb illərində sinfimizə yağan yağışlar ayağımızı islatsa da, soyuq divarlar bizi üşütsə də, usanmadıq. Böyüyürdük. Daha uşaq deyildik. Dərk edirdik hər şeyi. Bir gün Qarabağdan köçkün düşənlər öz dədə-baba torpaqlarına, biz isə öz məktəbimizə dönəcəyimizə inanırdıq. Təəssüf ki, məktəbi bitirən ilə qədər bu baş vermədi. 2003-cü ildə son zəng tədbirimizi elə o zavodda keçirtdik.
20 illik yubileyimizə ən gözəl hədiyyə…
Düz 20 ildir ki, mən və sinif yoldaşlarım üçün “Son zəng” çalınıb. O vaxt hərə bir istiqamətə getdi. Universitetlərə daxil olan kim, evlənib ailə quran kim, xaricə köçən kim. Hamının işi, gücü. Tez-tez danışırıq, hətta “WhatsApp” qrupumuz da var. Bu il qismət olsa onlarla yığışmaq istəyirik. 20 ildən sonra. Təbii ki artıq öz məktəbimizdə. Zavoda da gedə bilərik, təbii ki, xatirələri yada salmaq üçün. Sağlıq olsun.
Sonda…
Lap yadımdan çıxmışdı… Bir təklifim var.
İndiki gündəliklərdə işğaldan azad etdiyimiz torpaqlarımızın yeni tarixlərini çap etmək lazımdı. Qoy şagirdlərimiz bu rəqəmlərə baxıb bütöv Azərbaycanla qürur duysunlar!