Maşının qapısı açıldı, qadın yıxılıb öldü
Salyan Rayon Məhkəməsində bu ilin 2 iyul tarixində rayonun Noxudlu yolu kimi tanınan ərazisində baş vermiş qəza ilə bağlı sürücü – 1968-ci il təvəllüdlü Əfsələddin Novruzovun məhkəməsi keçirilib.
Millinews.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı “Ford Transit” markalı yük maşının ön tərəfində sürücünün yanında əyləşmiş Fatimaxanım Bağırova vəfat edib. Belə ki, avtomobil magistral yola yaxınlaşarkən qadın qapını açıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Hadisədən sonra sürücü barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-Ölümə səbəb olduqda) maddəsi ilə iş açılıb. Bildirilib ki, həmin gün Əfsələddin rayon sakini olan Fatimaxanım və Sərfinaz adlı qadınları Bakıdakı “Sədərək” Ticarət Mərkəzinə gətirirmiş. Ticarətə məşğul olan qadınlar ön oturacaqda əyləşərək yola düşüblər.
Hadisənin şahidi olan Sərfinaz adlı qadın ifadəsində deyib:
“Uzun illərdi alış-verişlə məşğul oluruq, “Sədərək” bazarından xırdavatlar alıb rayonda satırıq. Mən və Fatimaxanım iyulun 2-si səhər saatlarında Salyan şəhərində tanışımız Əfsələddinlə görüşüb onun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakıya gedərkən yolda Fatimaxanımın halı pisləşdi. Həmin gün qab-qacaq almaq üçün yola çıxmışdıq. Salyan şəhərindən Noxudlu yoluna çıxıb biraz getdikdən sonra körpüyə qalxmaq üçün Ələt-Astara yoluna çatdıq. Heyvan bazarının yanından sağa dönüb yol ayrıcına çatıb sağa Ələt-Astara yoluna dönən zaman qabaq Fatimaxanım havam çatmır deyib sağ pencərəni açdı. Sonra çantasından asma xəstələri üçün olan aparatı çıxardı və qapını açaraq yenədə havasının çatmadığını dedi. O, qapını açanda ayaqqabıları və əlindəki aparatı yerə düşdü, daha sonra 3-4 dəfə qapını açıb bağladı. Əfsələddin qapının tam bağlanmadığını görüb ona qapını açaraq tam bağlamasını bildirdi. Fatmaxanım qapını açan zaman Əfsələddin avtomobilin sürətini azaltmaq istədi, bu vaxt qapı sürətlə açıldığı üçün Fatimaxanımı da çəkərək yerə yıxdı. Onun yerə yıxıldığını görüb dərhal avtomobili yolun sağ hissəsində saxladı. Düşüb Fatimaxanıma tərəf qaçdım, onun qulağından qan gəldiyini gördüm. Sonra təcili yardım həkimləri onun öldüyünü bildirdilər”.
Qeyd edilib ki, sürücü yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda, buna əməl etməyib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə Əfsələddinin sürücülük hüuquq 1 il 6 ay müddətinə məhdudlaşdırılıb və o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov