Xəbərlər

Yeraltı müharibə başlayır – 80 metr dərinlikdə döyüş və Qəzzanın SİRRİ

Uzunluğu yüzlərlə kilometr, dərinliyi 80 metr olan tunellər: hörümçək toru, yaxud yeraltı dünya;

İsrail-HƏMAS müharibəsinin yaşandığı bu günlərdə ən çox diqqətçəkən məsələlərdən biri Qəzzanın üstü ilə yanaşı, həm də altıdır. İsrail bölgəni bombalayır, nəticədə sivil insanlar ölür, amma hədəf seçdiyi HƏMAS-ın itkiləri vurulan zərbələrlə müqayisədə çox azdır, yaxud qruplaşma üzvləri demək olar ki, görünmür. Onlar Qəzzanın altında – tunellərdə gizlənib və təkcə canlı qüvvəni yox, hərbi texnikanı da yerin altında saxlayıblar. Və İsrail ordusunu gözləyirlər, genişmiqyaslı quru əməliyyat başlayacaqsa, o zaman 20 il davam edən Vyetnam müharibəsi təkrarlana bilər. İsrailin hələ də quru əməliyyata başlamamasının səbəblərindən biri də məhz tunellərə müdaxilə edə bilməməsi ola bilər.

İllərdir HƏMAS-la müharibə şəraitində olan İsrail üçün Qəzzanın altı hələ də sirr olaraq qalır.

Qəzzanın sirri nədir, HƏMAS necə qorunur, yaxud İsraili Vyetnamda gözlənilməz vəziyyətlə üzləşən Amerika ordusunun taleyini yaşaya bilərmi?

Suallar çoxdur, hərçənd, hələ də konkret cavab tapmaq olmur, hətta dünyanın ən yaxşı kəşfiyyat xidmətlərindən hesab edilən MOSSAD belə Qəzzanın altında nələrin olduğundan tam məlumatlı deyil.

tun

Qəzza İsrail ordusunun blokadasındadır. Lakin bu blokada yerüstü nəzarətə imkan verir, yerin altında isə başqa dünya var.

Kəşfiyyat məlumatlarına görə, HƏMAS Qəzzanın altında 360 kvadratkilometrlik tunel toru yaradıb və yerin altında gizlənmək, qaçmaq, hətta texnikanı saxlamaq imkanı var. Pentaqonun hərbi mütəxəssisləri mümkün quru əməliyyat ssenarisini dəyərləndirib və belə nəticəyə gəliblər ki, İsrail xüsusi təyinatlı qüvvələri əməliyyat zamanı tunellərdə saxlanılan girovları azad etmək istəyəndə HƏMAS-la görünməmiş problemlə üzləşəcək.

ABŞ müdafiə naziri Lloyd Ostin qeyd edir ki, Mosulun İŞİD-dən geri alınması üçün 9 ay davam edən döyüş İsraili gözləyən döyüşdən daha asandır.

Kustar üsulla hazırlanmış partlayıcılar, mina tələləri və s. Orada hər şey var”, – Ostin hesab edir.

İsrail uzun müddət Qəzzanın altındakı tunellərin öyrənilməsi, məhv edilməsi, yaxud çıxışların bağlanmasına böyük sərmayə qoysa da, HƏMAS-ın hələ də xarici dünyaya açılan gizli çıxışları qalır. 2021-ci ildəki döyüşlərdə tunellərin böyük ölçüdə məhv edildiyi deyilirdi, lakin həmin vaxt HƏMAS-sın Qəzzadakı lideri Yəhya Əl-Sinvar bəyan etdi ki, onların 500 kilometrdən çox tunelləri var.

tt

Onların dedikləri doğru olsa belə, bizim tunellərin yalnız 20 faizi məhv edilib”, – o bildirmişdi.

Bu yaxınlarda azad edilmiş israilli girov Yohaved Lifshitz gördüklərini danışıb: “Bu tunellər hörümçək toru kimi görünürdü. Biz yerin altında kilometrlərlə yol getdik”.

İsrail ordusunun sözçüsü ötən həftə bəyan etdi ki, kilometrlərlə uzunluğu olan tunellərlə bağlı ətraflı məlumat verə bilməyəcəklər, lakin bunun məktəb və yaşayış sahələrinin altında inşa edildiyini deyə bilərlər. İsrailin təhlükəsizlik mənbələri isə qeyd edirlər ki, ağır hava bombardmanı HƏMAS-ın tunel infrastrukturuna az ziyan vurub.

Keçmiş briqada generalı Əmir Avivinin fikrincə, günlərlə kütləvi hücumlar edilsə də, HƏMAS rəhbərliyinin mübarizə aparmaq, hətta əks-hücum cəhdləri ilə bağlı imkanları qalır.

tune

İsrail ordusunun tunellərlə mübarizə aparan Qəzza diviziyasının komandir müavini də bildirib ki, bölgənin hər yerində 40-50 metr dərinlikdə bütöv bir şəhər var: “Bunkerlər, qərargahlar və anbarlar var və mindən çox raket atmağa imkan verən mövqelər qurulub”. Digər mənbələr isə tunellərin 80 metr dərinliyinin olduğunu təxmin edir.

Qərb mediasının Misirin Əl-Ariş şəhərindəki iki təhlükəsizlik xidməti mənbəsi və bir tacirdən əldə etdiyi məlumata görə, Qəzzadan Misirə aparan tunellər işlək olaraq qalır. Misir rəsmiləri isə bu haqda susurlar.

1987-ci ildə Qəzzada yaradılan HƏMAS tunel qazma işinə 1990-cı illərin ortalarında – Yasir ərəfatın Fələstin Azadlıq Təşkilatına müəyyən dərəcədə özünüidarəetmə hüququ verilən zaman başlayıb. HƏMAS Qəzzada idarəetməni ələ alandan sonra bu iş daha da asanlaşdı. Tunel operatorlarından olmuş Əbu Qusay bildirir ki, yarım mil uzunluğu olan bir tunelin qazılması 3-6 ay çəkir və bu tunel gündə 100 min dollara qədər qazanc verir. Ən gəlirli iş Misirdə 1 dollara alınan güllənin Qəzzada 6 dollara satılmasıdır. Onun sözlərinə görə, Misirdə 800 dollara olan Kalaşnikov silahı tunellərlə Qəzzaya gətirlir və iki dəfə baha qiymətə satılır.

tunel

7 oktyabrda İsrailə hücumun təşkilatçısı olan HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deyfinin 2007-ci ildə Misirdən məhz tunellər vasitəsilə Qəzzaya keçdiyi deyilir.

İsrail ordusu uzun müddət tunellərdə döyüşmək üçün müxtəlif təlimlər keçib, lakin özləri də yeraltı müharibədə onları nələr gözlədiyini dəqiq bilmir.

Asif Nərimanlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu