Parisin İrəvana verdiyi silahlar Bakıya hansı təhlükə yarada bilər?
Fransanın Ermənistanı silahlandırması hərbi üstünlük imkanları yaratsa da, İrəvana göndəriləcək silahların effektivliyi sual altındadır. Ermənistan-Fransa hərbi sazişinə əsasən Paris ermənilərə 3 ədəd GM200 tipli radarlar və “Mistral” orta mənzilli zenit-raket sistemləri “satacaq”. Və bəllidir ki, maliyyə imkanları aşağı olan Ermənistana “satılacaq” silahlar əslində hədiyyədir.
Millinews.az xəbər verir ki, mütəxəssislər Fransa silahlarının heç bir işə yaramayacağını düşünürlər.
Təhlükəsizlik üzrə rusiyalı ekspert Dmitri Trenin bildirir ki, silah alarkən, onun hansı ölkəyə qarşı istifadə ediləcəyini nəzərə almaq lazımdır.
“Ermənistanın timsalında rəqib Azərbayandır. Fransa və Hindistandan hansı silah sistemlərinin alınacağına və onların Azərbaycanla toqquşmada hansı effekt verəcəyinə bu kontekstdə baxmaq lazımdır. Bu silahların Ermənistanda xidmət edən Rusiya sistemləri ilə qarşılıqlı əlaqəsi də sual altındadır. Cənubi Qafqazın hərbi əməliyyatlar relyefi digər reyleflərdən fərqlənir. Misal üçün, Ukraynada çöl ərazi çoxdur, burada isə dağlar”, – Trenin qeyd edib.
Digər rusiyalı hərbi ekspert Dmitri Stefanoviç əmindir ki, NATO ölkələrinin silahları və hərbi hazırlığı Qərb təbliğatının iddia etdiyi kimi Rusiyadan heç də üstün deyil. O, Qərb ölkələrinin özlərinin də silah qıtlığı yaşadığına diqqət çəkir. Bu baxımdan, Fransaya bel bağlamağın Ermənistan üçün acınacaqlı nəticələrinin olacağını hesab edir.
Hərbi ekspert Valeri Şiryaev də Rusiyanı hava hücumundan müdafiə sistemlərinin daha effektiv olduğunu iddia edir. Onun fikrincə, Ukraynada müharibənin getdiyi vaxt Ermənistanın Qərbdən silah tədarükü problemlərlə üzləşə bilər: “Digər tərəfdən, Cənubi Qafqazın relyefi üçün ən effektiv müdafiə sistemləri TOS-lar və digər sistemləridir”.
Ermənistanın hərbi sənaye kompleksi məsələləri ilə məşğul olmuş keçmiş məmurlardan biri isə adının açıqlanmaması şərti ilə “verelq” saytına danışıb. O bildirib ki, aşağı hündürlükdəki hədəfləri vura bilən Fransa radarının və daşına bilən zenit-raket komplekslərinin niyə alındığını anlamır.
“Sinif baxımından onları Rusiya istehalı olan “İqla” və “Verba” ilə müqayisə etmək olar. Hərçənd, onların etibarlı örtüyü yoxdur və bu o deməkdir ki, düşmən təyyarələri üçün asan hədəf çevriləcək. Bunlar yanlız hədəfləri müəyyən etməyə qadir olan radarlardır, onları vurmaq iqtidarında deyil”, – erməni məmur vurğulayıb.
Ehtiyatda olan erməni polkovnik, hərbi ekspert Hayk Nahapetyan hesab edir ki, Fransanın Ermənistana verəcəyi silahların praktiki döyüşdə effektivliyi sual altındadır.
“Misal üçün, Rusiyanın müdafiə sistemlərindən istifadə edildiyi vaxt Fransanın verəcəyi üç radar sisteminin heç bir əhəmiyyəti qalmır. Eyni zamanda, Fransa silahlarının istifadəsi, yaxud təmiri üçün mütəxəssislər lazımdır. Ermənistanda isə bu yoxdur. Nəticə etibarilə, Fransanın göndərəcəyi silahlar görünüşdən başqa heç nə deyil”, – erməni ekspert bildirib.
Asif