Qərb mediası Azərbaycana qarşı niyə “qızışıb?”
Ötən həftə “Politiko” nəşri ABŞ Dövlət katibi Antoni Blinkenin keçən həftə Konqresin bir qrup nümayəndəsinə xəbərdarlıq etdiyi, guya onun ofisinin Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izlədiyi barədə məqalə dərc etmişdi.
Kifayət qədər nüfuzlu olan bu nəşrin iddiasını çox keçmədən ABŞ-nin Bakıdakı səfirliyi təkzib etdi.
Səfirlikdən bildirdilər ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra Qərb mediasında bu tip yazıların peyda olmasına münasibət bildirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Millinews.az-a deyib ki, bu Avropa dövlətlərinin köhnə adətidir:
“Qərb dövlətləri onların maraqlarına xidmət etməyən, dediklərini həyata keçirməyən ölkələrə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməklə onları çökdürmək, özlərinə tabe etdirmək siyasəti həyata keçirir. Onlar bu zaman “soft power” yəni “yumşaq güc” adı verilən üsulla əllərində olan media resursları, sosial şəbəkələr vasitəsilə və bir sıra digər mexanizmlərlə təzyiq etdirməklə müstəqil siyasət yürüdən ölkələrin nüfuzunu zədələmək istəyirlər. Qarabağla bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyi, mövqeyi ilə bağlıdır. Eyni zamanda, bir sıra məsələlərlə əlaqədar demək Azərbaycan dövlətinin prinsipial mövqeyi heç bir zaman nə daxili siyasətdə, nə xarici siyasətdə hansısa ölkənin, beynəlxalq gücün ruporuna çevrilməyib.
Azərbaycan yalnız milli, dövlətçilik marağına xidmət edən siyasət həyata keçirir. Belə bir siyasət özünün siyasi, iqtisadi, ideoloji maraqlarını realizə edə bilməyən beynəlxalq güclər tərəfindən narazılıqla qarşılanır və onlar da bu şəkildə ölkəmizə qarşı addım atmağa çalışırlar”.
Çox gərgin vəziyətlərdən çıxan Azərbaycanın belə təzyiq mexanizmlərinə qarşı artıq immunitet qazandığını vurğulayan ekspert bildirdi ki, ölkəmiz dəfələrlə Qərbin ağır formalı ikili standartlarının şahidi olub:
“Qarabağ ətrafında baş verən hadisələrlə bağlı Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasətinə Avropa ictimaiyyəti arasında kölgə salmağa çalışan məqalələrin olması gözlənilən idi. Hesab edirəm ki, bu cür hücumlar Azərbaycanı doğru bildiyi və beynəlxalq hüquqa, ədalətə əsaslanan siyasətindən göndərə bilməz.
Avropa Ermənistana himayədarlıqdan daha çox ondan maşa kimi istifadə etməklə öz niyyətlərinə çatmağa çalışır. Mən bunu qətiyyən Ermənistana verilən böyük bir dəstək hesab etmirəm. Ermənistan hər zaman bölgədə bir maşa dövlət rolunu oynayıb. Bir çox ölkələr zaman-zaman ondan istifadə etməklə başqa ölkələrə təzyiq etməyə çalışıblar. Azərbaycana qarşı Avropa mətbuatında edilən son təzyiq üsulu Ermənistanı müdafiə yox, Avropanın qələbəmizi həzm edə bilməməsindən yaranan hisslərin ifadəsi idi”.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.