Millinews.az – Avropa kəmfürsətliyi…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Konfliktoloq Rüstəm Qaraxanlı yazır…
Dünən gecəyarısı AŞ PA-da “Dağlıq Qarabağda humanitar situasiya” adlı qətnamə qəbul edildi. Uzun-uzadı tövsiyyələrin sonunda Azərbaycana xəbərdarlıqdan ibarət olan bu sənəd müəllifləri bizi sıralarından xaric etmək təhdidi ilə qorxudurlar. Qətnamə ermənipərəstliyi ilə yanaşı, avropalı deputatların regionda baş verən hadisələrdən bixəbər olduqları halda belə beynəlxalq məsuliyyətin altına girməkdən çəkinmədiklərinin göstəricisidir. AŞ PA bu qətnamə ilə faktiki olaraq Azərbaycanı öz ərazisində “etnik təmizləmə” həyata keçirməkdə suçlayır. Oktyabrın 5-də oxşar qətnaməni Avropa Parlamenti də qəbul etmişdi.
AŞ PA-dakı müzakirələrlə eyni vaxtda BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistanın iddiası əsasında keçirilən dinləmələrdə Azərbaycan diplomatiyası ermənilərin qeyri-ciddi arqumentlərini alt-üst edirdi. AŞ PA isə aydındır ki, bunu görməzdən gələrək öz missiyasını tamamlamaqda israrlı idi. Azərbaycanlı deputatların gətirdiyi əsaslı əks-dəlillərə rəğmən assambleya “vəzifə”sini yerinə yetirdi və beynəlxalq hüquqa, hətta vaxtilə özünün qəbul etdiyi sənədlərə zidd qətnaməyə imza atdı.
Avropanın parlamentar strukturlarında təmsil olunan deputatları izlədikdə belə bir təəssürat formalaşır ki, sanki bu adamlar proqramlaşdırılmış süni intellekt kimi təfərrüatı barədə məlumatlı olmadıqları problemlərə dair istənilən sənədə hər an imza atmağa hazırdırlar. Çünki təlimat budur. Qətnamənin adından da göründüyü kimi, AŞ PA regionda baş verən yeni reallıqları ya dərk etmir, ya da qulaqardına vurur. Hər iki halın bumeranq effektini hələ heç kim təxirə salmayıb və şübhəsiz ki, zamanla assambleya özü öz “tələsinə düşəcək”. Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi bölgüsünün olmamasını görməzdən gələn avropalı deputatlar bu əsassız termini qətnamə kimi ciddi sənədə salmaqdan çəkinmirlər. Onların təmsil etdikləri dövlətlərin ayrı-ayrılıqda və beynəlxalq platformalarda müştərək halda Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda nədən rəsmi Bakının öz torpaqlarında qanun-qayda yaratdığına belə qıcıqlı reaksiya vermələrinin məntiqi aydın deyil. İsrailin Qəza sektorundakı hərbi əməliyyatının isti fəsadları fonunda Azərbaycanın zərgər dəqiqliyi ilə 23 saata bitirdiyi, vətəndaş infrastrukturu və mülki əhaliyə ziyansız antiterror əməliyyatının AŞ PA üçün heç bir əhəmiyyəti yoxdur. Qarabağdan köçən ermənilərdən bir nəfər belə qovulduğunu dilə gətirmədiyi halda, avroparlamentarilərin gözləri önünə nədənsə dəhşətli “etnik təmizləmə” səhnələri gəlir. AŞ PA deputatları sanki sərhəd-keçid məntəqəsində onlarla erməninin azərbaycanca müsahibə vermələrini, Azərbaycan polisi tərəfindən su və ərzaqla təmin olunmalarını, tibbi yardım göstərmələrini, bizim yanğınsöndürənlərin erməni məsuliyyətsizliyi ucbatından baş vermiş güclü partlayışı zərərsizləşdirmələrini əks etdirən çoxsaylı videogörüntülərlə tanış deyillər? Əlbəttə, tanışdırlar. BMT boyda və çəkidə ali beynəlxalq qurumun missiyasının son 30 ildə ilk dəfə, özü də ardıcıl şəkildə bölgəyə səfər edib heç bir zorakılıq halına rast gəlməməsi də avropalı parlamentarilər üçün ölçü vahidi deyil – onların ehtiyac duyduqları nəticə üçün öz missiyaları olmalıdır. Halbuki son 30 ildə bir dövlətin beşdəbirini əhatə etmiş işğal və dağıntı, bir milyona yaxın əhalinin zorla öz torpaqlarından didərgin salınması faktlarını araşdırmaq üçün missiya göndərməyə əsaslı arqument “kasadlığı”ndan əziyyət çəkirdilər.
Erməni siyasi ekspertləri şikayət edirlər ki, dünyanın istənilən liderinin davranışlarını analiz və proqnoz edə bildikləri halda, Nikol Paşinyanın siyasətinə şərh verməkdə çətinlik çəkirlər. Səbəb sadədir: Ermənistanın baş naziri bu gün dünən dediklərinin, sabah isə bu gün etdiklərinin əksini edir. Görünür, bu qənaəti tək Paşinyana deyil, ondan daha çox erməni olmaq istəyən Avropaya münasibətdə də tətbiq etmək lazımdır. Ermənistanın baş naziri oktyabrın 5-də Qranadada Avropa Şurası prezidenti Mişel, Fransa və Almaniya liderləri Makron və Şoltsun gözləri qarşısında Azərbaycanın ərazi bütövlüyünü tanıyan növbəti sənədə imza atır, elə həmin vaxtda isə Avropa Parlamentində Azərbaycanı “etnik təmizləmə və hərbi cinayət”lərdə suçlayan gülməli qətnamə qəbul edilir. Avropa Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır, ancaq bizdən burada 30 il ərzində qanundan kənar xuntaya rəhbərlik etmiş, hətta ermənilərin özlərinə qarşı yüzlərlə ağır cinayətlər törətmiş separatçı caniləri azadlığa buraxmağı tələb edir. Kataloniya əhalisinin mütləq əksəriyyətinin azadlıq iradəsinə göz yuman “qoca qitə” bizim ərazimizdə “prezident, parlament seçkiləri” keçirən separatçıların əməllərini unutmağımızı istəyir. Avropa Parlamentinin ambisiyalı sədri, maltalı xanım Roberto Metsola Avropa Birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Təmsil etdiyi ölkəni və seçicilərini isə qaz və elektrik enerjisi ilə SOCAR təmin edir. Odur ki, əgər kimsə bu qətnamələri ciddiyə alırsa, tələsməsin…