ÖlkəMaraqlı

Tanınmış yazıçı geylərin tərəfini saxladı: “Onların əsərlərindən zövq almalıyıq”

Son illər hər dəfə Avroviziya müsabiqəsinin finalından sonra çoxşaxəli müzakirələr gedir. 

İddia edilir ki, bu beynəlxalq müsabiqə son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib. 

Bəzi siyasi xadimlər və cəmiyyət üzvləri iddia edirlər ki, Azərbaycan bu yarışmada iştirak etməməlidir, buna gərək yoxdur. 

Bəs görəsən, Azərbaycanın beynəlxalq müsabiqələrdən uzaqlaşması düzgün addımdırmı? Buna gərək varmı? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, keçmişdən bu günə cinsi azlığa mənsub olub çox böyük sənət nümanələri ortaya qoyan şəxslər kifayət qədərdir: 

“20-ci əsrdən etibarən dünya incəsənətində müəyyən proseslər getdi və bu proseslər Azərbaycan insanı tərəfindən qəbul oluna da bilər, olunmaya da. Fakt budur ki, proseslər artıq dünyada oturuşmuş və adi qarşılanan bir çox məsələləri özündə ehtiva edir. İncəsənət tarixi, o cümlədən, ədəbiyyat tarixi bu və ya digər dərəcədə bizə anormal, qəribə görünən oriyentasiyalı insanlarla boldur. Keçmişdə, Qədim Yunan və Roma imperiyasında da bu belə idi, Çində, Yaponiyada, hətta qədim Bizansda, İranda, Osmanlıda da belə hallara biz tez-tez rast gəlirdik, amma İkinci Dünya Müharibəsindən sonra artıq dünya incəsənətində, mədəniyyətində cinsi azlıqlara şamil edilən, amma çox dəyərli, böyük sənət əsərləri yaradan sənətkarların ortaya qoyduğu unikal incəsənət nümuunələri ilə rastlaşırıq. Əgər biz həmin insanların cinsi oriyentasiyasını əsas götürsək, gərək bu dahiyanə əsərlərin böyük hissəsini atmış olaq və onda da dünya mədəniyyətinin, hətta Azərbaycan mədəniyyətinin də bəzi hissələrini ixtisar etmiş olarıq. 

Rusların bir sözü var, onlar deyir ki, Çaykovskiyə onun seksual oriyentasiyasına görə dəyər vermirik, yaratdığı əsərlərinə görə dəyər veririk”. 

Kulturoloq bildirib ki, dövrümüzdə yaradılan əsərlərə estetik qiymət verilir və Avroviziya-2024 qalibi olan şəxs buna layiq olub: 

“Biz də 21-ci əsrdə yaradılmış əsərlərə sırf kulturoloji, estetik mövqedən qiymət verməliyik. Avroviziya müsabiqəsi zamanı da çoxlu mübahisələr olur, amma Azərbaycan da daxil olmaqla, dünyanın ən inkişaf etmiş cəmiyyətlərini təmsil edən sənət bilicilərinin məhz Nemoya verdiyi 12 bal bir daha sübut edir ki, insanlar artıq dəyişilib. Bu baxımdan İsveçrə təmsilçisi Nemonun göstərdiyi performans çox unikal idi. Həm mahnının özü, həm sənətçinin özünü sərbəst aparması, eyni zamanda, musiqi dili ilə insanlara nələrisə çatdırmaq istəməsi dünya musiqi ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirildi. Nemonun gey olub-olmaması heç kimi maraqlandırmamalıdır! Ümumiyyətlə, 21-ci əsrdə kimlərinsə tumanına burun soxmağın özü tərbiyəsizlikdir. Kimin yaşam tərzi necədirsə, özü bilər. Yetər ki, o, yaşam tərzini gənclərə təbliğ etməsin, reklam etməsin, başqalarını yoluxdurmasın”. 

A.Əbilov qeyd edib ki, insanlara cinsi oriyentasiyasına görə qiymət vermək düzgün deyil: 

“Cinsi oriyentasiyasına görə, kimlərəsə qiymət vermək düzgün deyil. Bu gerizəkalılığı artıq geridə qoymalıyıq. Əgər insan sənət nümunəsi ortaya qoyubsa, bu da dinləyicilər tərəfindən qəbul edilibsə, onun hansı oriyentasiyaya, hansı dinə, millətə sahib olmasının heç bir önəmi yoxdur. Bu, düzgün deyil və dünyada artıq gülünc hesab olunur. Dünyanın aparıcı ölkələrində eynicinsli siyasətçilər, nazirlər bir-biri evlənirsə, pop musiqisində də bunu qəbul etməli və buna görə kimlərisə qınamamalıyıq. Əksinə, biz onun gey olmasını qabartmamalı, ictimai müzakirəyə çıxarmamalıyıq, onun sənətinə dəyər verməli və sənətinin gözəlliyindən zövq almalıyıq”. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu