Zaurun verilişindəki yataq söhbəti aranı qarışdırdı: “Dərhal bağlanmalıdır!”
Müğənni Nüşabə Musayevanın “Bizimləsən” verilişində bir neçə gün öncə doğma xalası haqda verdiyi açıqlamalar gündəmi zəbt etdi. Belə ki, müğənni canlı efir zamanı vaxtilə atasının anasına xalası ilə xəyanət etdiyini, onları yataqda gözləri ilə gördüyünü bildirdi. Onun canlı efirdə hadisəni detallı şəkildə danışması müzakirələrə səbəb oldu.
Qlobal.net bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov efirdə bu tip müzakirələrin aparılmasını sərt şəkildə qınayıb. O, bunu biabırçılıq adlandırıb: “Məsəl var, deyirlər yer yiyəsiz olanda donuz təpəyə çıxır. Bəzi çalıb-oxuyanlar, şoumenlər bu xalqın üz qarasıdır. Nə savadları, nə musiqi təhsilləri var, effektlərin hesabına mahnı yazdırırlar. Kimin ailə vəziyyəti, maddi vəziyyəti, əxlaqı aşağıdırsa, müğənniliyə başlayıb. Televiziyalar da onlara xidmət edir. Heç kəs məndən inciməsin, mən xalqın mənəviyyatının beş-üç nəfərə görə korlanmasını istəmirəm.
Telekanalların ideoloji baxımdan sahibi dövlətdir. Bu işdən məsul olan şəxslər var. Hansı kriteriyalarla bəzi özəl kanallar dövlətçilik məsələlərinə qarışırlar?! Efirdə yellənə-yellənə o tərəf bu tərəfə gedirlər, saç düzümlərini reklam edir, əndamlarını oynadırlar. Axı bu nədir?! Sonra da deyirlər ki, biz özəl telekanalıq, özümüz özümüzü dolandırmalıyıq və s. Cəhənnəmə dolanın! Beş nəfər ordan pul qazanacaq deyə biz milləti rüsvay etməliyik?”
Kinorejissor yerli telekanalların efir strategiyasını dəyişməsinin vacib olduğunu qeyd edib: “Bu tip verilişlər dayandırılmalıdır. Maarifləndirici, tarixi minlərlə mövzu düşünmək, işləmək olar. Hamısı bəzənib-düzənib ortada gəzməklə məşğuldurlar. Efirdə sənət, elm sahəsindən danışan bir nəfər yoxdur. “NarXoz”u, tibb kollecini bitirib gəlib aparıcılıq edirlər. Nə nitq qabiliyyətləri, nə savadları var, geyim-keçim, abır-həyaları da artıq son həddədir. Cəmiyyət də bu cür verilişlərə baxır, sonra da deyirik boşanmalar artıb.
Fikrimcə, dövlət telekanallara ciddi nəzarət etməlidir. Audiovizual şura hara baxır?! Bütün bunları görmürlərmi? Bu verilişlər barədə niyə tədbir görmürlər? Televiziya pul qazanmaq yeri deyil, mədəniyyətin, ideologiyanın məkanıdır. Bu gün televiziyanı “palatka”ya çeviriblər.
Bu mövzuda cəmiyyətin də günahı az deyil. Bu cür verilişləri boykot edib daş-qalaq etməkdənsə, ora çıxan “müğənnicikləri” 5-10 min manata toylarına çağırırlar. Xalq niyə susur? Bu xalq 44 günün içində qələbə qazandı, sentyabrda 24 saata Qarabağı düşməndən təmizlədi, indi beş-üç dəmşalağı meydandan yığa bilmir, onların öhdəsindən gəlməyi bacarmır?”.