“Qapı kilidlənmişdi, birtəhər aça bildik”
“Kəpəz” Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olub.
Millinews.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Danışılası çox şey yoxdur. Məğlub olmuşuq. Təhlil edib, səhvlərimizə baxmalıyıq. “Turan Tovuz” bu gün qələbəyə layiq idi.
– Əsas oyunçuların hamısını start heyətdə meydana buraxmışdınız. Buna baxmayaraq, ilk yarıda nəticə əldə edə bilmədiniz. Səbəb nədir?
– Birinci hissə ümidverici futbol oynayırdıq. Oyunun qırılma nöqtəsi ilk hissənin son dəqiqəsində vurulan qol oldu. İkinci hissədə vəziyyəti düzəltməyə çalışdıq. Hücuma atılanda qapımızda ikinci qolu gördük. Bundan sonra komanda oyun intizamından qopdu.
– “Turan Tovuz” çox güclü oynadı, yoxsa “Kəpəz” zəif oynadı?
– Hesab edirəm ki, ilk hissə bərabər oyun gedirdi. “Turan Tovuz” fiziki baxımdan bizdən üstün idi. Buna görə qələbə qazandılar.
– “Turan Tovuz”la oyunda “Kəpəz” uğurlu nəticələr qazana bilmir. Bu sindromu qırmaq üçün nə lazımdır?
– Mən özüm futbol oynayanda da “Turan Tovuz”la oyunlar həmişə çətin olurdu. Etiraf edək ki, rəqib heyət, struktur olaraq bizdən üstündür. Səviyyə fərqi görünür.
– Hakimlikdən narazılığınız var?
– İndiyə kimi hakimlər haqda danışmamışam. 0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz. Amma məncə, ikinci qoldan öncə verilən korner qərarı yanlış idi. Bundan sonra komanda tam olaraq açıldı. Orada korner yoxdursa, bunun məğlubiyyətə təsiri ola bilər.
– Mətbuat konfransına gec gəlməyinizin səbəbi nə idi?
– Qapı kilidlənmişdi, birtəhər aça bildik. Ona görə ləngidik.
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Ağır məğlubiyyətdən sonra komandanı motivasiya etmək çətin olmayacaq?
– Sözsüz ki, favorit “Qarabağ”dır. Azərbaycanı Avropada uğurla təmsil edirlər. Amma biz güclü komandalara qarşı yaxşı oynayırıq. Bu gün birinci hissədəki oyunu oynasaq, “Qarabağ”ın avrokubok matçından yararlanıb nəticə əldə edə bilərik.
Heybət