Gələn il maaş və təqaüdlər artacaq?
Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünə əsasən növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur. Qeyd edilən göstəricinin hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağı barədə suala cavab olaraq iqtisadçı-ekspert Pərviz Heydərov Millinews.az-a bildirdi ki, hökumət, o cümlədən Mərkəzi Bank ilin sonuna inflyasiyanın bir rəqəmli səviyyədə qeydə alınmasını gözləyir. Ekspert deyir ki, həm bu gözlənti, həm də dövlət büdcəsi baxımından ilin əvvəli üçün sosial istiqamətdə artımlar nəzərdə tutulmur:
“İlkin variantda, yəni minimum əməkhaqqının artırılması, minimum pensiya məbləğinin yüksəldilməsi və s planlaşdırılmasa da, bu o demək deyil ki, il ərzində belə bir addım atılmaya bilər. Hesab edirəm ki, hal-hazırkı dövr, iqtisadi reallıq bir qədər qeyri-müəyyən dumanlı xarakter daşıdığından hökumət hələlik bu barədə konkret mövqe seçməyib. Proseslərin gedişatından asılı olaraq ilin birinci rübündən sonra və yaxud da ikinci yarısında bu addımın atılması ehtimalı mövcuddur yəni beşinci sosial paketin icrası mümkündür, amma hələ ki, ilin əvvəlindən bu nəzərdə tutulur. Bununla belə, ola bilsin ki, bir sıra sosial ödənişlər üzrə artımlar olsun.
Xatırladım ki, ilin əvvəlində əmək pensiyalarının indeksləşdirilməsi də həyata keçiriləcək. Yəni əmək pensiyalarında da artım baş verəcək. Bahalaşma, inflyasiya tempinin özünü hansı vəziyyətdə göstərməyindən asılı olaraq, hökumət də mövcud büdcə imkanlarına baxıb 2024-cü il ərzində minimum əməkhaqqının artırılması istiqamətində addım ata bilər”.
Ekspert onu da qeyd etdi ki, 2019-cu ildən bəri son beş il ərzində dörd sosial paket həyata keçirilib. Bunun nəticəsində ölkədə minimum əmək haqqı 345 manata, minimum pensiya məbləği 200 manata gəlib çatıb. Əhalinin gəlirlərində, sosial müavinətlər, təqaüdlər və bir sıra ödənişlərin məbləğində artımların olduğunu vurğulayan Pərviz Heydərov xatırlatdı ki, ölkədə orta aylıq əməkhaqqı səviyyəsi də növbəti il üçün 930 manatdan 980 manata yüksələcək.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.