Rusiya Qafanda KONSULLUQ AÇIR – FƏRMAN
Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
Millinews.az xəbər verir ki, bu barədə müvafiq fərmanı Rusiya hökumətinin başçısı Mixail Mişustin imzalayıb.
“Rusiya Xarici İşlər Nazirliyinin nota mübadiləsi yolu ilə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında Rusiya Federasiyasının Qafan şəhərində şəhərində baş konsulluğunun yaradılması haqqında saziş bağlamaq təklifi qəbul edilsin”, – sənəddə deyilir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb. Zəruri hallarda nota layihəsinə “əsas xarakterli olmayan” dəyişikliklərin edilməsinə icazə verilir.
Xatırladaq ki, ilk dəfə olaraq Qafanda Rusiya konsulluğunun mümkün açılması barədə mayın sonunda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat vermişdi. Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib.
Əlavə edək ki, İran artıq 2022-ci ilin oktyabrında Qafanda baş konsulluq açıb və Fransa nümayəndələri də oxşar planlarını açıqlayıblar.
Hüseyn İbadlı