Xəbərlər

Millinews.az – Qarabağ Zəfəri – “Dəmir yumruğ”un gücü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımız əbədi ucaldıldı. Ardınca Prezidentin Xankəndidən Azərbaycan xalqına etdiyi müraciət tək region ölkələrində deyil, postsovet məkanında geniş əks-səda doğurdu və hələ uzun müddət də müzakirə mövzusu olaraq qalacaq.

Dünyanın aparıcı beyin mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını azad etməsini analiz edir, mülahizələr səsləndirirlər. Birmənalı şəkildə bildirirlər ki, bunun bir səbəbi var, o da Azərbaycanda mövcud hakimiyyətlə xalq arasında formalaşan sarsılmaz inam və birlikdir. Məhz bu sarsılmaz birlik 30 illik işğala son qoyub, Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarıb.

Azərbaycan xalqı 20 il bundan öncə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməklə ona dəstəyini və inamını ortaya qoydu. Ölkə Prezidenti də elə ilk bəyanatında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini vəd verdi. İlham Əliyev bu vədinə əməl edərək elə bir uğura imza atdı ki, bunu bir məqalə ilə ifadə etmək kifayət etmir. Çünki dərsliklərə salınacaq bir tarix yaşadıq, bu şərəfli tarixi yaşamaq bizlərə də qismət oldu.

Beləliklə, Qarabağ uğuru ilə 10 milyonluq Azərbaycan xalqının qalib liderinə olan sevgisi birə-min artdı. O, əbədi qalib sərkərdə kimi qəlblərdə yer aldı. Çünki 30 illik erməni işğalına son qoymaqla İlham Əliyev Azərbaycan xalqının qürurunu özünə qaytardı və bundan böyük qələbə ola bilməz. Uzun illər Qarabağ nisgili, torpaqlarımızı azad görmək arzusu ilə yaşadıq və bütün ağrı-acılara dözdük. Münaqişənin həllinə vasitəçilik edən ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı 30 il səbir etdik. Məhz 27 sentyabr 2020-ci il tarixi bu səbrin son nöqtəsi oldu. Erməni təxribatının qarşısının alınması ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Azərbaycan 44 gün ərzində torpaqlarının böyük bir hissəsini azad etdi, separatizm kimi mənfur bir bəlanın belini qırdı. Bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin məntiqi yekunu isə Xankəndidə Dövlət Bayrağımızın dalğalanması idi.

Ölkəmiz son 20 ildə hərtərəfli inkişaf edərək dünya arenasında öz sözünü deyən və öz gücünü sübut edən ölkələrdən birinə çevrilib. Bu da Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyətinin nəticəsidir. Prezidentimizin rəhbər obrazını şərtləndirən əsas xüsusiyyətləri bir neçə sözlə ifadə etmək olar – şəxsi nüfuz, yüksək təşkilatçılıq, fəallıq, təşəbbüskarlıq, yaradıcılıq enerjisi, bunlardan istifadə edərək xalqın böyük hörmət və sevgisini qazanmaq yolunda sərf edilən əmək. Eyni zamanda, diplomatik bacarığı da bura daxil etməliyik. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Bəli, İlham Əliyev uzaqgörən və müdrik addımları ilə ötən 20 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli davamlı tərəqqisini təmin etdi, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə müasir tariximizin qızıl səhifələrini yazdı.

Beləliklə, ötən 20 il onu deməyə əsas verir ki, bütün Qarabağda Azərbaycan bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca qələbədən-qələbəyə aparacaq.

“Report” İnformasiya Agentliyi

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu