Azərbaycanda “Müflisləşmə haqqında” yeni qanun qəbul ediləcək
Azərbaycanda tezliklə “Müflisləşmə haqqında” yeni qanunun layihəsi hazırlanaraq Milli Məclisə təqdim ediləcək.
Millinews.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdindəki “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı bildirib.
Onun sözlərinə görə, artıq müflisləşmə sahəsində çalışacaq hakimlərin sayı müəyyən edilib.
“Ölkə Prezidenti bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mütərəqqi, genişmiqyaslı islahatları uğurla həyata keçirir. Ötən müddət ərzində Dünya Bankı yeni mexanizmlərin, yəni beynəlxalq qiymətləndirmə alətlərinin tətbiqinə başlayıb. 2022-ci ildən “Business Ready” (“Biznesə hazır”) adlı hesabat istifadəyə verilib. Həmin hesabatın əsas komponentlərindən biri biznesin müflisləşməsidir. Azərbaycanda iqtisadi sahənin daha da inkişaf etdirilməsi, biznes üçün əlverişli mühit yaradılması məqsədi ilə İşçi qrupumuz bir çox işlər görüb. Bu gün isə beynəlxalq təcrübənin nəzərə alınması üçün Dünya Bankının Almaniyadan cəlb etdiyi beynəlxalq ekspert həmin qrupa təqdim edilb. Artıq 2022-2023-cü illəri əhatə edən Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb, müflisləşmə sahəsində çalışacaq hakimlərin sayı müəyyən edilib. Gələcəkdə onların davamlı tədrisə cəlb edilməsi istiqamətində də müzakirələr olub. Tam əminliklə demək istəyirəm ki, beynəlxalq ekspertin bundan sonra fəal iştirakı nəticəsində “Müflisləşmə haqqında” yeni qanunvericilik paketi hazırlanaraq parlamentə təqdim ediləcək”, – deyə R.Qaraqurbanlı qeyd edib.
Almaniyadan dəvət edilmiş müflisləşmə üzrə beynəlxalq ekspert Arne Engels isə bildirib ki, məqsəd Azərbaycanda qüvvədə olan “Müflisləşmə haqqında” qanunu beynəlxalq standartlara uyğunlaşdırmaqdır: “Qanun 1997-ci ildə qəbul edilib, xüsusilə son illərdə bir neçə dəfə yenilənib. İndiki məramımız və məqsədimiz isə məhz bu qanunun beynəlxalq standartlara uyğunlaşdırılması və nəticə etibarilə müasir standartlara cavab verməsidir. Bir sözlə, tam yeni yanaşmanın və yeni ideayaların reallaşdırılması mərhələsinə qədəm qoyulub”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.