Azərbaycanda bu şəxslərə də subsidiya ödəniləcək
Aqrar Subsidiya Şurasının qərarına əsasən gələn il Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4 000 manat əkin subsidiyası veriləcək.
Millinews.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məqsəd həmin iqtisadi rayonların iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.
Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün bəyan edilən bağlar aşağıda qeyd olunan şərtləri ödəməlidir:
• Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan intensiv şaftalı, nektarin və ərik bağlarına şamil edilir;
• Hər hektardan ən azı 2 nöqtədə 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) torpaq nümunələri götürülərək torpağın aqrokimyəvi analizi aparılmalıdır (nümunə götürülən nöqtələrin koordinatları qeyd edilməklə);
• Götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olmalıdır;
• Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilməlidir və cəmi sahəsi ən azı 3 hektar olmalıdır;
• 1 hektara minimum 650 vegetativ calaqaltı ting əkilməlidir;
• Ağacların gələcəkdə torpaqdan qaynaqlanan risklərdən (qrunt suyu və s.) qorunması məqsədilə tinglər tirədə (tinglər əkiləcək cərgələrin torpaq səthindən qrunt suyunun səviyyəsi nəzərə alınmaqla torpaq qatı ilə qaldırılması) əkilməlidir;
• Əkilən tinglər bitki sağlamlığı cəhətdən müəyyən edilmiş tələblərə cavab verməlidir.
• Salınan bağ “Aqrar sığorta haqqında” qanuna müvafiq olaraq sığortalanmalıdır.
Bağ salmaq istəyən fermerlər tezyetişən sortlar barədə məlumat almaq üçün Nazirliyə müraciət edə bilərlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.