Okeanı Azərbaycan muğamı dalğalandırdı – Kubadan EKSKLÜZİV FOTOLAR
Azərbaycan muğamı Havananın tarixi “Mart” Teatrında… Kubalıları heyrətləndirməyi bacardı.
Millinews.az xəbər verir ki, Kubada “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Havana şəhərinin tarixi “Mart” Teatrında Azərbaycan muğamlarından ibarət konsert təşkil olunub. UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilən konsertdə bu ölkənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Qonaqlara muğamlarımızdan ibarət geniş konsert proqramı təqdim olunub. “Qarabağ” musiqi qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artistlər, kaman ifaçısı Elnur Əhmədov və nağara ifaçısı Kamran Kərimovun ifasında Azərbaycan muğamının inciləri, xalq mahnılarımız, o cümlədən Kuba musiqi nümunələri səsləndirilib.
Xalq artisti Mənsum İbrahimov təəssüratlarını Millinews.az–la bölüşüb.
“Tədbir gözlədiyimizdən də yüksək səviyyədə keçdi. Kubalılar bizi çox isti, mehriban qarşıladılar. Olduqca istiqanlı və qonaqpərvərdilər. Okeanın sahillərində möhtəşəm konsert proqramı ilə çıxış etmək insana xüsusi bir zövq verir. Hazırda Kubadan Meksikaya gedirik. Sabah Meksikada növbəti konsertimiz baş tutacaq. Azərbaycan muğam sənətini vətəndən çox uzaqlarda təmsil etməyin qürürunu yaşayırıq”, – deyə Mənsum İbrahimov bildirib.
Cəmilə Hətəmxanova