Şolts və Netanyahu bu məsələdə razılığa gəldi
Almaniya kansleri Olaf Şolts İsrailin Baş naziri Binyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsi ilə bağlı telefon danışığı aparıb.
Millinews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama yayıb.
Netanyahu Şoltsu İsraildəki vəziyyət və İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatı barədə məlumatlandırıb.
Şolts Qəzza zolağında mülki şəxslərin qorunmasının və insanlara humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıb.
O, ilk dəfə yaralıların müalicə üçün Rəfah Sərhəd Qapısından Misirə aparıldığını məmnuniyyətlə qarşıladığını, hökumətinin Qəzza və bölgə xalqına humanitar yardım göstərdiyini bildirib.
Şolts və Netanyahu münaqişənin yayılmasının qarşısını almaq üçün birlikdə işləmək barədə razılığa gəliblər.