“Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların aparılması vacibdir” – Elçin Rəşidov
Son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, iqtisadiyyatımızın diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi, xarici investorlar üçün əlverişli mühiti təminatı və bu sahədə olan süni əngəllər barədə iqtisadçı Elçin Rəşidov Millinews.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Elçin müəllim, Azərbaycanda əlverişli biznes mühitinin təkmilləşdirilməsi, investorların gözləntilərinin yaxşılaşması üçün atılan addımları necə qiymətləndirirsiniz?
Azərbaycanda biznes mühiti həm makro, həm də mikro faktorlardan asılıdır. Makro faktorlar daha önəmlidir. Yəni onların fonunda mikro faktorlar süni nəfəs rolu oynayır. Makro faktorlar yerində olmadıqca mikro faktorlar elə bir ciddi əhəmiyyət daşımır. Bu da Azərbaycanda biznes mühiti inkişafna təsir edir. Makro faktorlar dedikdə bunlardan birinci əlverişsiz monetar rejim nəzərdə tutulur. Azərbaycanda hal-hazırda büdcə və bütün iqtisadiyyat Neft Fondundan transferlərdən asılıdır. Bu da dolayısı ilə həm də ölkədə mövcud monetar rejimi şərtləndirir. Sadaladığım makro faktorlar eyni zamanda makroiqtisadi faktorlardır. Qeyd edim ki, makro faktorlar təkcə makroiqtisadi faktorlarla məhdudlaşmır, onlar eyni zamanda hüququn aliliyinin təmin olunmasına da çalışır.
– Azərbaycan xarici investorların diqqətində nə qədər perspektivli ölkədir?
Ümumiyyətlə, ölkədə investisiya mühiti daha da yaxşılaşmalıdır. Burada xarici və yerli olmasından asılı olmayaraq biznes fəaliyyətinin göstərilməsi üçün hüququn aliliyinin qorunması çox önəmlidir. Bu həm də başqa bir makro faktordur. Hazırda əlverişsiz mühitdən faydalanan məmur biznesləri o qədər böyüyüb ki, bunu məmur iqtisadiyyatı adlandırmağa başlayıblar. Demək olar ki, hər bir sahədə dominant məmur biznesi var. Həmin məmur biznesi müəyyən inzibati imtiyazlardan yararlanmaqla digər rəqiblərindən daha əlverişli şərtlərdə fəaliyyət göstərirlər. Onlardan bəziləri hətta süni şəkildə rəqiblərin qarşısında əngəllər də yarada bilir. Nəticədə, həmin sektor monopoliyalaşır və bütövlükdə iqtisadiyyatı geri aparır. Baş verənlərə siyasi proseslər də təsir edir.
– Belə olan halda iqtisadiyyatı sağlamlaşdırmaq üçün hansı xilas yolu seçilə bilər?
Bu sahədə islahatların aparılması, o cümlədən biznes mühitinin təkmilləşməsi digər islahatlarda olduğu kimi piramida sxemi üzrə baş verməlidir. Hal-hazırda da Milli Məclisdə Rəqabət Məcəlləsi müzakirə olunur. Müzakirədə ictimai müzakirədə iştirak etdim. Orada bu məsələdə xeyli ciddi qüsurlar var. Amma belə bir arqument səsləndirildi ki, gələcəkdə bu qüsurlar aradan qaldırıla bilər. Məcəllənin faydası da ola bilər, hətta müəyyən risklər, təhlükələr yarada bilər. Amma artıq bu Məcəlləyə dəyişikliklərin edilməsi həmin piramidada iradənin olmasından xəbər verir.
Yeni qaydaların, qanunların tətbiqi üçün müvafiq kadr dəyişikliyi baş verməlidir. Kadrlar və səriştələrin formalaşmasına paralel olaraq, bir də institusional yəni qurumlarda və səlahiyyətlərində, onların nizamnamələrində dəyişiklik olmalıdır. Nəticədə, əvvəlkilər bu dəyişikliklərə hazır olmadıqlarından artıq rəqabət baş verəcək. Belə bir şəraitdə hamı üçün biznes mühit təkmilləşir, ədalətlidir, rəqabətlidir vəbərabər şərtlər yaradır. Eyni zamanda hüququn aliliyi də təmin olunur. Bu piramida sistemində məmur biznesləri sıradan çıxıb, onların yerində normal bizneslər fəaliyyət göstərir, yerli və xarici investorlar vətəndaşlığından asılı olmayaraqrahat investisiya edirlər və gəlirlərini gözləyirlər. Ölkədə qiymətli kağız birjası fəaliyyət göstərir. Həmin investisiyalardanayrı-ayrı şirkətlər, səhmdar formalaşacaqdır. Artıq burada iqtisadiyyatın genişlənməsi, böyüməsi, iqtisadi imkanlarının artması, sosial rifahbarədə danışmaq olar. Ümid edək ki, bu iradə daha miqyaslı olacaq və tək Rəqabət Məcəlləsi formasında yox, bütövlükdə bütün biznes mühiti yaxşılaşdırmaq formasında özünü göstərəcəkdir.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.