Bu şəxslərə Rusiya pasportu veriləcək
Rusiyada yeni vətəndaşlıq qanunu qüvvəyə minib.
Millinews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyada oktyabrın 26-da vətəndaşlıq haqqında yeni əsas federal qanun qüvvəyə minib. Məlumata görə, bu, bəzi şəxslərin ölkə pasportu əldə etmək imkanını asanlaşdıracaq.
Müvafiq qanun layihəsi 2021-ci il dekabrın 29-da Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilib. Yeni qanuna görə, ruslar vətəndaşlıqdan və ya onu dəyişdirmək hüququndan məhrum edilə bilməz, o cümlədən, xaricdə yaşamaq vətəndaşlıqdan çıxmaqla nəticələnməyəcək.
Bundan əlavə, Rusiya vətəndaşı xarici dövlətə təhvil verilə bilməz. Qanun sosial, irqi, milli, dil və ya dini mənsubiyyətinə görə ayrı-seçkiliyi qadağan edir. Həmçinin bildirilir ki, Rusiya bu ölkədə yaşayan və vətəndaşlığı olmayan şəxslərə pasport verəcək.
Rusiya vətəndaşlığına xitam verilməsi ilə nəticələnən cinayətlərin siyahısı da genişlənib. Məsələn, onların arasında Rusiyanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən, ekstremizmə, təxribata, fərariliyə çağırışlar, ordu haqqında saxtakarlıqlar və silahlı qüvvələri gözdən salan hərəkətlər var.
Bundan başqa, bu siyahıya dövlət və ya ictimai xadimin həyatına qəsd, hərbi qəbirlərin dağıdılması və ya zədələnməsi, nasizmin reabilitasiyası və digər qanunsuz hərəkətlərlə bağlı cinayətlər də daxildir.
Mehti Kamiloğlu