Onlarla çox yaxşı olmuşuq, nə bilim, oldu da…
Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Millinews.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verirlər.
Prosesdə ilk olaraq Meşəli kənd orta məktəbinin direktoru olmuş Alış Alışov ifadə verib.
Zərərçəkmiş deyib ki, hadisə baş verən gün, 23 dekabrda ailəsi ilə birgə kənddə olub.
A.Alışovun sözlərinə görə, Meşəli soyqırımında V.Xaçatryanın qardaşı da iştirak edib:
“Bu cür dəhşətli faciə görünməyib. Həmin gün qonşum Qəniməti balta ilə vurub yıxdılar, sonra güllələməyə başladılar. Qənimətin evindən 4 şəhid oldu. Elə bil ki, bütün Badara hücuma keçmişdi. Digər kəndli Novruz kişinin ailəsini məhv etdilər. 325 nəfərdən 25 nəfərin şəhid olması nə deməkdir? Biz Xaçatryanı görmüşük. Buna ən ağır cəza istəyirik”.
Qeyd edək V.Xaçatryan Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.
***
Prokuror Müqəddəs Sultanov Vaqif Xaçatryandan Badara camaatının Meşəli camaatına nifrət etməsinin səbəbini soruşub:
“Bizim kənddən heç kim bilmirdi belə şey olub. Gələnlər də bizə danışırdı ki, Meşəlidə iki nəfər öldürülüb: Əvəz və Qönçəli. Biz onlarla çox yaxşı olmuşuq. İndi nə bilim, oldu da…”, – Xaçatryan cavab verib.
***
Zərərçəkmiş Teymur Salmanov: “Mənim günahım nə idi, 14 yaşında uşağa adam güllə atar? İnsaf var sizdə?”
T. Salmanov hücum vaxtı ayağından güllələnib. O vaxtdan əlil qalıb. O, V.Xaçatryanla üz-üzə gəldikdən sonra hisslərini cilovlaya bilməyib. Onun ifadəsi yarımçıq qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.