Əfsanəvi adlar meydana qayıdır: Bircə Berti Foqts çatmır
Əfran İsmayılov, Rauf Əliyev, Kamran Ağayev, Vaqif Cavadov – bu adları oxuduqda, yəqin ki, milli komandanın 2010-cu illərdəki heyəti yadınıza düşür. Həmin heyətdə yer alan futbolçuların demək olar hamısı peşəkar karyeralarını başa vurublar. Çoxu məşqçi kimi fəaliyyətə başlayıb.
Ancaq onları yenidən yaşıl meydanda görə bilərik. Necə? Minifutbol üzrə ölkə çempionatında. Gənc yaşlarında böyük meydanda top qovan oyunçular yenidən azarkeşlərin önündə yarışacaqlar. Milli komandanın Avropa çempionu olmasından sonra bu idman növünə böyük maraq yaranıb. Hətta sabiq futbolçular da minifutbolla məşğul olmağa başlayıblar.
Onların sırasına adlarını yuxarıda qeyd etdiyimiz həmkarları da qoşulacaqlar. Siyahıda həmçinin Cavid Hüseynov, Rahid Əmirquliyev, Ruslan Abışov, Elvin Məmmədov, Rail Məlikov, Rəşad Sadiqov, İlqar Qurbanov və Mahir Şükürov kimi adlar da var. Yekun say və adlar dəqiq olmasa da, bu komandanın minifutbol üzrə ölkə çempionatında iştirak eütmək istəməsi dəqiqdir. Bu barədə komandanın yarıdıcısı və əsas üzvlərindən biri olan Əfran İsmayılov Millinews.az-a məlumat verib.
Onun sözlərinə görə, futbolçuların işləri və durumlarıyla əlaqədar olaraq heyətdə bir neçə dəyişiklik baş verə bilər. Eyni zamanda, daha 2-3 oyunçunun da onlara qoşulma ehtimalı var:
“Maraqlı ideyadır. Biz də ciddi şəkildə hazırlaşırıq. Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi – prezident Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov çox dəstək oldular və bildirdilər ki, sizin çempionatda iştirakınızı istəyirik. Mən də milli komandanın üzvləriylə əlaqə saxladım. Sağ olsunlar, hamısı təklifimlə razılaşdılar. 12-13 nəfərlik heyətimiz var. Dəyişiklik və ya əlavələr ola bilər. Çalışacağıq ki, yüksək yerlər uğrunda oynayaq.
Mənim minifutbola marağım böyük idi. Hətta böyük futbol oynayanda belə minifutbol çox oynamışam. Belə şans yarandı və komanda yaratdım. Əlimizdən gələni edəcəyik. Bilirsiniz ki, heyətdəki futbolçuların hamısı özlərinə görə iz buraxıblar. Hamı deyir ki, bir dənə Berti Foqts çatışmır. Futbolçular formaya düşdükcə, daha yaxşı çıxış edəcəyik”.
İsmayılov komandanın adıyla bağlı bir neçə versiyanın olduğunu, amma yekun qərar vermədiklərini bildirib:
“3-4 variant var. “Qarabağ”, “Zəfər”, “Xankəndi”, “Xocalı”, “44 gün” və başqa variantlar var. “Qarabağ” klubunun rəhbərliyi ilə danışıqlar gedir, alınsa, o adla iştirak edəcəyik. Olmasa, digər variantları nəzərdən keçirəcəyik”.
Heybət Məmmədov