Azərbaycanlı qadının doğuş prosesi üç dildə keçirildi
Rusiyalı qadın Polşada azərbaycanlı qadına övladını dünyaya gətirməkdə köməklik göstərib.
Millinews.az xəbər verir ki, Tanyanın daha əvvəl “X” sosial şəbəkəsində azərbaycanlı qadınla tanış olaraq dostlaşması və səsli əlaqə saxlamaqları qadını bu çətin vəziyyətdən xilas edib.
Tanya Polşada mama həkim işləyir, rus və polyak dillərində danışır. Bu yaxınlarda onun işlədiyi yerə yalançı sancılarla 20 yaşlı azərbaycanlı qadın daxil olub. O və əri yalnız Azərbaycan dilini biliblər, nə baş verdiyini ümumiyyətlə başa düşməyiblər.
“Tərcüməçi kimi sənə zəng etməyi düşünürdüm”, – deyə Tanya zarafatla Moskvada yaşayan rəfiqəsi Fidana yazıb.
Tanya Fidanla internetdə dostlaşıb. Fidan uşaq xəstəxanasında işləyib, tez-tez Bakıdan gələn xəstələri qəbul edərkən köməklik göstərib və istənilən vaxt ona zəng edə biləcəyini deyib.
Beləliklə, onlar razılığa gəliblər. Doğuş günü həkimlər Tanya ilə polyak dilində danışıblar. O, həkimlərin dediklərini Fidan üçün rus dilinə tərcümə edib. Fidan isə hər şeyi Azərbaycan dilində telefonla yüksək səsli əlaqə vasitəsilə doğuş edən qadına çatdırıb. Birlikdə onlar epidural anesteziyanın nə üçün lazım olduğunu, anesteziyadan əvvəl necə nəfəs almağı izah edib, doğuş edən qadına dəstək olub və onu sakitləşdiriblər.
Göbək bağının uşağa ikiqat dolanması səbəbindən qeysəriyyə əməliyyatı tələb olunub. Fidan telefon bağlantısı vasitəsilə və doğum otağında olan mama həkimləri birlikdə qadına köməklik göstəriblər.
Yeni doğulan körpənin ağciyərlərində problemlər yaranıb və onu dərhal oksigen aparatına qoşublar. Fidan neonatoloqlarla birlikdə gənc anaya körpəsinin nə vəziyyətdə olduğunu başa salıb. O, doğuşdan sonra bütün sualları cavablandırıb və polyak dilini bilməyən qadın başqa ölkədə özünü tənha hiss etməsin deyə ona öz nömrəsini qoyub. (oxu.az)