İdman

“Pulsuz” tibbi sığortanın pullu oyunu – Milyardlar hara axır?

Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunu yoxlayandan sonra ortaya çıxan mənzərə bundan ibarət oldu ki, ölkədə tibbi sığorta sistemi hələ də “sığorta” adına uyğun işləmir və bu boşluqlar həm vətəndaşın cibinə girir, həm də dövlət büdcəsinə dəyir.

Mövzu ilə bağlı globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Əvvəla, Fondun Milli Məclisə verdiyi büdcə hesabatlarında gəlir və xərc rəqəmləri düzgün göstərilməyib. Yəni deputatlar, ictimaiyyət və hökumət real mənzərəni görə bilmir. Hesabatda rəqəmlər təhrif olunanda hansı sahəyə pul çatmır, harada israf var – onu müəyyən etmək mümkün olmur. Bu da qərarların səhv verilməsinə, lazım olan yerə pulun çatdırılmamasına gətirib çıxarır. Yəni Fond təqdim etdiyi hesabatla “bulanıq suda balıq tutmaq” istəyir.

İkincisi, sığorta mexanizmi öz məntiqinə uyğun qurulmayıb. Normalda sığorta belə işləməlidir: vətəndaş xəstələnir, xidmət alır, sığorta həmin konkret xidmətin pulunu xəstəxanaya ödəyir. Amma bizdə TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarına pul “bu qədər adamı müalicə etdin” deyə yox, “işıq pulunu, maaşları, kommunalı ödə, ümumiyyətlə bağlanma” prinsipi ilə verilir. Nəticədə xəstəxananın yaxşı həkim saxlamağa, yeni aparat almağa, xidməti yaxşılaşdırmağa marağı qalmır. Çünki xəstə çox gəlsə də, az gəlsə də, pulu alır. Bu da dövlət xəstəxanalarını zəif salır, adamları məcburi özəl klinikalara yönləndirir.

Burada başqa bir özəl maraq da var – özəl xəstəxanalar kimlərə məxsusdur? Bu suala cavab tapanda aydın olur ki, bu sistem kortəbii deyil, məqsədyönlü qurulub.

Üçüncüsü, baha əməliyyatlar demək olar ki, tamamilə özəl klinikaların əlinə keçib. Dəyəri 5 min manatdan yuxarı olan əməliyyatların 90 faizdən çoxu özəl xəstəxanalarda həyata keçirilib. Dövlət xəstəxanalarının nə avadanlığı, nə də həmin əməliyyatı edən heyəti var. Vətəndaş məcbur qalır ki, ya cibindən əlavə pul versin, ya da özəl xəstəxanalarda növbə gözləsin. Fond isə bu pulları özəl klinikaya ödəyir. Belə çıxır ki, Fond dövlət büdcəsindən yığdığı sığorta pulunu dövlət xəstəxanasını gücləndirməyə yox, özəl sektoru maliyyələşdirməyə xərcləyir. Dövlət xəstəxanaları güclənməsə, avadanlıq və həkim baxımından inkişaf etməsə, bu vəziyyət dəyişməyəcək.

Dördüncüsü, vətəndaş poliklinikadan göndəriş almadan birbaşa özəl klinikaya gedəndə Fond həmin vətəndaşa görə də pul ödəyib. İki ildə cəmi 14 özəl klinikaya 4.27 milyon manat bu cür göndərişsiz müraciətlərə görə verilib. Qanuna görə sığorta yalnız “marşrut” üzrə, yəni əvvəlcə dövlət müəssisəsindən göndərişlə işləməlidir. Bu qayda pozulanda sistemdə nəzarət itir, Fondun pulu “ayaqla gələn” istənilən müraciətə xərclənir və dövlət xəstəxanaları tamamilə prosesdən kənarda qalır.

Beşincisi, idarəetmə xərclərinə heç bir yuxarı limit qoyulmayıb. TƏBİB-in tabeliyində yeni-yeni hüquqi şəxslər, qurumlar, departamentlər yaranır. Hər birinin direktoru, müavini, katibliyi, maşını, ezamiyyəsi var. Bu inzibati aparat böyüdükcə sığorta pulunun daha çox hissəsi müalicəyə yox, kabinet saxlamağa gedir. Qanunda “idarəetmə xərci gəlirin 5 faizindən çox ola bilməz” kimi sərt hədd olmayanda pulun hara xərcləndiyini izləmək çətinləşir.

Altıncısı, büdcədən sığortalanan əhalinin sayı rəsmi statistikaya uyğun gəlmir. Bir adam həm işsiz kimi, həm tələbə kimi, həm də başqa kateqoriya üzrə iki-üç yerdən sığortalı göstərilib. Dövlət hər bir nəfər üçün Fondun hesabına pul köçürür. Adam sayında şişirtmə olanda büdcədən artıq vəsait çıxır, amma real xidmət alanın sayı o qədər deyil. Bu da hər il milyonlarla manatın havaya getməsi deməkdir.

Bu nöqsanların cəmiyyətə təsiri aydındır. Vətəndaş “pulsuz tibbi sığorta var” deyə eşidir, amma dövlət xəstəxanasına gedəndə ya aparat yoxdur, ya həkim yoxdur, ya da “özəl klinikaya get” deyirlər.

Özələ gedəndə də cibindən əlavə pul çıxır. Yəni sığorta yükü vətəndaşın üzərində qalır. Dövlət büdcəsinə təsir isə daha böyükdür. Sistem sığorta kimi yox, “xəstəxana saxlama” kimi işlədiyi üçün hər il milyardlarla manat tökülür, amma səhiyyənin keyfiyyəti qalxmır. Baha əməliyyatlar özələ axır, dövlət xəstəxanası inkişaf etmir, idarəetmə xərcləri şişir, adam sayı şişirdilir. Nəticədə büdcə iki dəfə ziyan edir: həm xəstəxanaları saxlayır, həm də özəl klinikalara xidmət pulu ödəyir.

Qısası, Fond hələ ki, vəsait toplayan və paylayan kassa rolunu oynayır, xəstəxanalar arasında rəqabət yaradan, keyfiyyəti stimullaşdıran sığortaçıya çevrilə bilməyib. Bu boşluqlar aradan qaldırılmasa, hər il dövlət büdcəsindən tibbi sığortaya ayrılan 1.5 milyard manatdan çox vəsait səmərəsiz xərclənməyə davam edəcək, vətəndaş isə yenə keyfiyyətli tibbi xidmət üçün əlavə pul axtarmaq məcburiyyətində qalacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu