Xəbərlər

Dini konfessiya rəhbərləri Azərbaycan Prezidentinə məktub ünvanlayıb


Dini konfessiya rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Millinews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alilərinizi – dünya şöhrətli qalib siyasi lideri Azərbaycanın suverenliyinin bərpası münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə uca fəaliyyətinizə Ulu Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident! Siz Vətən müharibəsindəki Zəfərin qüruru ilə yaşayan Azərbaycan xalqına 2023-cü ilin 15 oktyabrında daha bir özəl, tarixi əhəmiyyətli, möhtəşəm gün yaşatdınız. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliləriniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdiniz. Tarixi ədalətin bərpası – əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr Xankəndi zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi.

Möhtərəm cənab Prezident! Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini – Ata vəsiyyətini yerinə yetirmiş Zati-alilərinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Siz Uca Allahın köməyi ilə, Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının Lütfüdür. Şuşa və Xankəndinin Azərbaycanlılar üçün müqəddəs dəyərini, yaralı Xocalı yaddaşını, Ağdərə, Xocavənd, Əsgəran nisgilini qəlbində saxlayan, Qarabağda separatizm yuvasını ləğv edib qalib Azərbaycanın üçrəngli bayrağını yüksəldən Müzəffər Ali Baş Komandanımızı Uca Yaradan hər zaman hifz etsin! «Qarabağ Azərbaycandır» ideyası ətrafında səfərbər olan Azərbaycan xalqının müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi olan Cənabınız Xankəndi üzərində Azərbaycan bayrağını ucaltmaqla nəyi, necə və nə vaxt etməyi ən gözəl bilən siyasi lider olaraq böyük missiya yerinə yetirərək, xalqımızın ən ülvi arzularını gerçəkləşdirib öz adınızı tarixin salnamələrinə həkk etdiniz!

Möhtərəm cənab Prezident! Xoş fürsətdən istifadə edərək, Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi minnətdarlığımızı ifadə edirik. Həqiqətən, bizlərə Sizin timsalınızda müdrik lider qismət olmuşdur. Bütün həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.
Möhtərəm cənab Prezident! Fərəhverici haldır ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılar ilə vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. Dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər.

Biz fəxr edirik ki, Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarının iradə və qətiyyəti ilə azad Qarabağda məscidlərin minarələrindən Azan səsi ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Zati-alilərinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlər arası dialoq prosesində aparıcı mərkəzlərindən olmasını bir daha təsdiq edir. Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər.

Möhtərəm cənab Prezident! Ölkə dindarlarının adından Sizə və gözəl ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Qoy bu zəfər abı-havalı tarixi günlər dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!”.

Təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri
Robert Mobili imzalayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu