Qadın müğənnilər niyə öldürülür? – İlginc səbəblər
Azərbaycanda daha bir qadın müğənni qətlə yetirilib. Noyabrın 2-də Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair faktın bəzi təfərrüatı məlum olub. 34 yaşlı S.Abbasova səhər yaşadığı binanın qarşısında öldürülüb.
Onu öldürən şəxs mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayır. Məlumata görə, öldürülən S.Abbasova toy mərasimlərində müğənnilik edib. Onun azyaşlı övladı var. Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasov daha əvvəl məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, ötən ay Bakıda 1985-ci il təvəllüdlü müğənni Yaqut Həşimova əri tərəfindən boğazı kəsilərək qətlə yetirilmişdi.
Millinews.az musavat.com-un mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edir.
“Müğənni qadınları elə bilirsiniz qeyrət üstündə öldürürlər? Tökülmüşdü elə. Əsla! Öldürən heç müğənnilik etməyə qoymazdı. Müğənni xanımın çətirinə sığınan ər, qardaş, ata çox vaxt xanıma obyekt, gəlir yeri kimi baxır. Deyir, susacam ey, kim süd verən inəyi kəsər? Xanım da baxır bunlara”.
Bu barədə tanınmış aparıcı İradə İsak sosial mediada yazıb.
Onun fikrincə, kişilərin müğənni xanımlarını öldürməsinin səbəbi onlardan tələb etdikləri pulu ala bilməmələridir: “Bir müddət gəlir, havayı axan pul kişini yaxşı yaşamağa öyrədir, xərclər artır, çoxu narkotikə, arağa qurşanır. Başlayır tələblər, xərclər artmağa. Qadın da müəyyən büdcədən kənara çıxmaq istəmir. Niyə axı? Niyə işləyib, bütün pulunu bu avaraya verməlidir? Nə oldu 10 il susub, indi başlayıb bu? Artıq istismar başlayır. Dava, namus, qeyrət, müsibət. Dözmək, sus payı da 10 ildən bir artır axı. Və bir gün də boğaz kəsilir. Niyə məhz boğaz kəsilir, bıçaqlanır, bilirsiniz? Bu da manipulyativ variantdır. Bıçaqlama, boğaz kəsmə dözməmə əlamətidir. Qoy desinlər, yaxşı oğlandır, qeyrət üstündə vurub. Türmədə günü xoş keçsin. Vəssalam… Nə gözəlsən məmləkət…”
Mehriban Zeynalova: “Zorakılığı təbliğ, təqdir edən, dəstəkləyən kişi və qadınların arasında yaşamaq insanı dəhşətə gətirir”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı danışıb:
“Adətən bu cür hallarda arxada iqtisadi məsələlər dayanır. Belə ki, ər, keçmiş ər, qardaş və yaxud kimsə qadının əməyindən istifadə edib, ondan gəlir götürür və bu gəlirdi götürməkdən çəkinmir. Artıq qadın pul verməyəndə ”yaxşı oğlan” olmaq istəyir və özü üçün bir imic formalaşdırır ki, guya “hansısa namussuzluğa dözməyib, ona görə qətl hadisəsi törədib”.
Bəli, ola bilir ki, bəziləri müəyyən streotiplərə çox bağlıdır, ətraf kifayət qədər onu qınayır, ona rişxənd edir, fərqli, aşağılayıcı formada danışır ki, bacısı müğənnidir . Yəni, indiki dövrdə ətraf da adekvat deyil. Əksər hallarda ətraf da öz davranış modeli, düşüncə tərzi, mesajları, bədən dili ilə insanları cinayətə sürükləyir. Həmin şəxs də kiminsə gözündə qəhrəman, namuslu, qeyrətli görünmək üçün qətlə əl atır.
Müğənni qadının qətlə yetirilməsi ilə bağlı birinci hadisədə mərhumun atasının açıqlamasına baxanda gördüm ki, bəli, burada iqtisadi amil rol oynayıb. Belə ki, qadının keçmiş əri həmişə şantajla ondan pul alırmış və qadın da ona dəstək verirmiş. Yəni qadın bütün yükü öz üzərinə götürür, qarşı tərəfi buna alışdırır, qarşı tərəfə də düşünür ki, elə belə olmalıdır. Bu norma dəyişən kimim qarşı tərəfdən müəyyən aqressiya, şantaj, tələb və digər davranışlar baş verir.
Ümumiyyətlə Azərbaycan qadınlarının 99 faizi bütün yükləri üzərinə götürüb, kişinin yükünü azaltmağa meyillidir və kişini buna alışdırır. Mübahisələrin də çoxu bundan başlayır, kişi qadına deyir ki “sən əvvəl belə deyildin, indi dəyişmisən” və sairə.
Son vaxtlar qadınların qətlə yetirilməsi, başının kəsilməsi kimi hadisələrlə tez-tez rastlaşırıq. Səbəb isə budur ki, cəmiyyət bu zorakılığı təbliğ edir, dəstəkləyir. Baxmayaraq ki, qanun nə qədə kəskinləşsə də, mədəniyyət səviyyəsi aşağı düşüb və cəmiyyət fərqli formada düşür, zorakılığı təqdir edir. Bunun sübut etmək üçün sosial şəbəkələrə baxmaq kifayət edir. Məsələn, bu cür qətllərə bağlı yazılan şərhləri görəndə insan şoka düşür ki, bu cür cəmiyyətdə, zorakılığı təbliğ, təqdir edən, dəstəkləyən kişi və qadınların arasında yaşayırsan.
İnsanın qətlə yetirilməsinin bu dərəcədə dəstəklənməsi toplumun özünün kifayət qədər psixoloji problemləri olduğunu, eyni zamanda mədəni səviyyəsinin aşağı düşməsini göstərir”.
Şəhla Həmidova: “Həmin o qatili yetişdirən, ona yol göstərən, tərbiyə verən onun anasıdır, ona görə də… ”
Müğənni Şəhla Həmidova isə qeyd edib ki, bütün məsələlərin kökündə anaların övladlarını düzgün tərbiyə etməsi məsələsi dayanır:
“Ümumiyyətlə, fərqi yoxdur, kişi və yaxud qadının qətlə yetirilməsi insanlığa sığmayan hadisədir. Qatili yetişdirən anadır. Uşaqları yetişdirəndə elə tərbiyə vermək lazımdır ki, insanlara, canlılara qarşı mərhəmətli olsun, onlara sevgi ilə yanaşsın. Yəni hələ körpəlikdən uşaqlara sevginin nə olduğunun başa salmaq lazımıdır ki, onlar artıq böyüyəndə əziyyətini çəkməsinlər.
Məsələn, sosial şəbəkələrdə tez-tez rast gəlirik ki, hansısa uşaqlar heyvanları incidir və bununla bağlı yayılan görüntülərə gələn şərhlərdə əksəriyyətin ona gülür, buna əyləncəli yanaşır. Amma unutmaq olmaz ki, bir uşaq kiçik yaşdan heyvana əziyyət verib, onu incidirsə, böyüyəndə çox rahatlıqla valideynin və yaxud bir başqasının başını kəsib, ortaya qoya bilər. Mən çox analar görmüşəm ki, öz övladlarına bəraət qazandırır ki, “yaxşı eləyib filankəs qadının başını kəsib, kəsilməli zibil idi, kəsib”. Yəni o qatilə bu yolu göstərən anadır. Əsas iş uşaqlıqdan, körpəlikdən başlayır.
Qadın istəyir əxlaqlı, istər əxlaqsız, istər müğənni, istərsə də evdar qaldın olsun, bunun fərqi yoxdur, heç kimə ixtiyar vermir ki, onu qətlə yetirsin.
Ümumiyyətlə, cəmiyyətimizdə son illərdə baş verən aqressiya, qadın qətllərinin artması çox narahatedicidir, təhlükəlidir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.