Millinews.az – “Qara qızıl”dan “yaşıl enerji”yədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cənubi Qafqazda siyasi sabitlik regionun dünyanın ən mühüm iqtisadi qovşaqlarından birinə çevrilməsi perspektivinin açarıdır. Azərbaycan bölgənin iqtisadi lokomotivi olmaqla yanaşı, həm də başlıca təhlükəsizlik qarantıdır. Ermənistanın mifik tarixinin qurbanına çevrilməsi, onu tək Zəngəzur dəhlizinin mümkün dividendlərindən deyil, bütövlükdə regional inkişafdan geri salır.
Son bir ildə Azərbaycan və Gürcüstan liderlərinin beynəlxalq platformalardakı təmasları ilə yanaşı, ölkələrimizə üç qarşılıqlı səfər baş tutub. 2022-ci il oktyabrın 24-də və bu il oktyabrın 8-də Prezident İlham Əliyevin Gürcüstana, 2023-cü il aprel 7-də isə baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfərlərində diqqət yetirilməli olan xüsusi məqam onların qısamüddətliliyi və işgüzar statusudur. Prezident İlham Əliyevin son səfəri ümumiyyətlə, bazar gününə təsadüf edib və əvvəlcədən anons olunmayıb. Belə format tərəflərin siyasi və iqtisadi gündəminin maksimum inteqrasiyasını göstərir ki, bu da müştərək qərarların operativ çözümünü tələb edir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ümumi Qafqaz evi
Ötən əsrin 90-cı illərinin sonları, 2000-ci illərin əvvəllərində Cənubi Qafqazda iqtisadi əməkdaşlığı müəyyən çərçivəyə sala biləcək müxtəlif modellərin müzakirəsi dəbdə idi. İqtisadi anlaşma regiondakı hərbi-siyasi ziddiyyətlərin yumşaldılması prizmasından təsirli stimul kimi nəzərdən keçirilə bilərdi. Ancaq İrəvan-Moskva-Tehran və Bakı-Tbilisi-Ankara kimi “üçbucaq”ların doğurduğu siyasi reallıq və antoqonist oriyentasiyalar fonunda regionda hərtərəfli iqtisadi əməkdaşlıqdan danışmaq populyar deyildi. Ermənistan qeyri-konstruktiv mövqeyi səbəbindən həm özü transmilli layihələrdən kənarda qalırdı, həm də Azərbaycan və Gürcüstanın iqtisadi kooperasiyasını daha aktual edirdi.
Azərbaycanın erməni işğalına son verməsi və ərazi bütövlüyünü bərpası Ermənistanın ümumqafqaz iqtisadi əməkdaşlıq formatına inteqrasiyası üçün yeni üfüqlər açsa da, İrəvanın özünütəcridə genetik həvəsi bu gözləntilərə ümid bəsləməyin vaxt itkisi olduğunu göstərir. Sürətlə cərəyan edən proseslər və dəyişən reallıq fonunda Azərbaycanın İrəvanın “siyasi naz”ına vaxt itirmək kimi lüksu yoxdur. Bu, Prezident İlham Əliyevin Tbilisidə verdiyi mesajlardan aydın hiss olunur: “Ermənistan istəyərsə, Cənubi Qafqazda formalaşmaqda olan yeni düzəndən iqtisadi divivdendlər əldə edə bilər. Bizim isə əsassız kaprizlərə görə ləngimək fikrimiz yoxdur”.
İlk beynəlxalq təhlükəsizlik təminatı
Tarixi qonşuluq və münbit münasibətlər Bakı ilə Tbilisinin Xəzər dənizindən çıxarılan neftin Qərb bazarlarına Gürcüstan ərazisi ilə təhlükəsiz nəqlinə dair razılaşmanı rahatlaşdıran başlıca faktor olub. Bakı-Tbilisi-Ceyhan kəməri qarşılıqlı inteqrasiyanın lokomotivi rolunda çıxış edib. Qaz kəməri, dəmir yolu xətti, indi isə “yaşıl enerji” kabelinin çəklişinə yol açılıb. Gürcüstana üç milyard dollardan çox Azərbaycan kapitalı yatırılıb. SOCAR-Georgia qonşu ölkənin ən iri vergi ödəyicisidir. Bakı-Tbilisi-Cehyan iqtisadi layihə olsa da, Azərbaycan və Gürcüstan kimi gənc müstəqil dövlətlərin ilk beynəlxalq təhlükəsizlik təminatı qismində çıxış edir. Bu çətiri dövlətlər xaricdə himayə axtarmaqla deyil, özləri yaratmağa müvəffəq olublar.
Azərbaycan Gürcüstandan keçən qaz kəməri ilə 2020-ci ildən etibarən Avropaya “mavi yanacaq” ixrac etməyə başlayıb. Bu layihə cəmi bir neçə ay sonra baş verəcək Rusiya-Ukrayna müharibəsi kontekstində zamanını qabaqlamış addım idi. Hazırda kəmərin gücünün iki dəfə artırılması üçün real proseslər gedir. Azərbaycan Transadriatik qaz kəməri vasitəsilə qarşıdakı 25 ildə hər il 10 milyard kubmetr olmaqla İtaliya, Yunanıstan və Bolqarıstana qaz nəql edəcək. Ancaq xüsusilə ötənilki hadisələr onu göstərir ki, Azərbaycan qazının Avropaya ixrac coğrafiyasında və həcmində ciddi dəyişikliklər gözlənilir. Xüsusi interkorrektorlar vasitəsilə “mavi yanacağ”ın Avropanın 10-dək ölkəsinə nəqli aktual və realdır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan qazı Gürcüstan üçün tək büdcəyə valyuta axını deyil. Həm də iqtisadi və enerji təhlükəsizliyinin təminatçısı rolunu oynayır. Tbilisinin vaxtilə Moskvanın təhdidlərinə sinə gərməsi, rusların enerji ekspansiyasından qurtuluşu məhz Azərbaycan qazı hesabına mümkün olub.
Tranzit imkanları genişləndirilir
Prezident İlham Əliyevin təşəbbüsü olan və Azərbaycanın vəsaiti hesabına ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu “Orta dəhliz”in ana xətti statusunda çıxış etməyə hazırlaşır. Vaxtilə çoxlarının skeptik yanaşdığı bu layihə Rusiya-Ukrayna müharibəsinin logistik marşrutları alt-üst etməsi reallığında Çin-Qərbi Avropa tranzit kəmərlərinin əsas bəndi olacaq. Məhz bu səbəbdəndir ki, xəttin gücünün 5 dəfə artımına start verilib. Azərbaycan Prezidentinin Tbilisidə etdiyi bu anons regionun yaxın illərdə hansı həcmdə yük daşımalarını gözlədiyinin carçısıdır. Ermənistanın Zəngəzur dəhlizinə qarşı tərsliyi və inadı fonunda İran istiqamətinin ehtiyat variant olaraq işə salınmasına baxmayaraq, Bakı-Tbilisi-Qarsın gücünün 5 dəfə artımı ənənəvi Gürcüstan-Azərbaycan marşrutunun əlahiddə aktuallığının göstəricisidir. Bu, qonşu dövlətin Qara dəniz sahilindəki limanlarının rekonstruksiyası və genişlənməsinə doğru perspektivlər açır ki, Azərbaycan bu istiqamətdə də kapital yatırımını nəzərdən keçirir.
Yeni enerji trendləri
Azərbaycanla Gürcüstanı bir-birinə bağlayan daha bir qlobal əməkdaşlıq ölkəmizdə əldə ediləcək bərpa olunan enerjinin Qara dənizin dibi ilə Rumıniya və Macarıstana ixracını nəzərdə tutur. Bakı yaxınlığında, Naxçıvanda və Cəbrayılda işə salınacaq günəş və külək elektrik stansiyalarından əldə ediləcək enerji 2027-ci ildə 3 Gvt gücündə olacaq. Bərpa olunan enerjinin Avropaya nəqli Azərbaycanla Gürcüstanın iqtisadiyyatlarının yeni enerji trendlərinə cavab verməsi ilə yanaşı, ixrac və tranzit potensiallarının bir neçə dəfə artımına yol açacaq.
Cənubi Qafqazda siyasi sabitlik regionun dünyanın ən mühüm iqtisadi qovşaqlarından birinə çevrilməsi perspektivinin açarıdır. Azərbaycan bölgənin iqtisadi lokomotivi olmaqla yanaşı, həm də başlıca təhlükəsizlik qarantıdır. Ermənistanın mifik tarixinin qurbanına çevrilməsi, onu tək Zəngəzur dəhlizinin mümkün dividendlərindən deyil, bütövlükdə regional inkişafdan geri salır. Dəhlizlərdən isə qatarlar yola düşür…