Aparıcı Vüsalə Əlizadə yolda başına gələn xoşagəlməz hadisədən söz açıb.
Millitv.net Olay-a istinadla xəbər verir ki, o, bu haqda televiziya aparıcısı olduğu “İncə səhər” verilişində danışıb.
Hadisə Vüsalənin sükan arxasında el şənliklərinin birinə gedərkən baş verib. Əlizadə bildirib ki, tıxacda olarkən taksi kimi fəaliyyət göstərən bir şəxsin avtomobilinin şüşəsini cızıb:
“Qaça-qaçla hazırlaşmışıq. Şəhərdə də elə bir tıxac var ki, avtomobil yerindən tərpənmir. Babək prospektində yerləşən restpranların birinə gedirdik. Tıxaca görə də məclisə özümü çatdıra bilmirəm. Ev yiyəsi də zəng vurub, bizim harada qaldığımızı soruşur. Az qala özünü öldürsün.
Prodüser Samirə Xasməmmədova zəng vurub deyir ki, Vüsalə, sən harada qaldın? Cavab verirəm ki, yaxındayam, amma tıxaca görə tərpənə bilmirəm və heç bir çarəm yoxdur. Təbii ki, avtomobildən düşüb ayaqla da məclis olan yerə gedə bilərdim. Sadəcə geyimimin uzun və ağır olması, üstəlik, ayağımda hündürdaban ayaqqabının olması hərəkətimi çətinləşdirirdi.
Köməkçimə dedim ki, nə olursa olsun, mən bu yoldan keçməliyəm. Əslində keçməyə yerim var idi. Sadəcə öndə dayanan taksi o qədər rahat dayanıb, yolun yarısını demək olar ki, zəbt etmişdi deyə, keçmək olmurdu. Mən də bilmədən bunun yanından keçib, güzgüsünü “sürtdüm”. Köməkçimə dedim ki, çıx danış o sürücü ilə çünki mən bu geyimdə avtomobildən çıxa bilmərəm.
Taksi sürücüsü də çox rahatlıqla “nömrəni yazın” deyir. Köməkçim ona dedi ki, siz narahat olmayın, biz məclisə tələsirik, biz gedək, nə xərci varsa, ödəyəcəyik. Təsəvvür edin ki, həmin şəxs instaqram səhifəmdən menecerimin nömrəsini tapıb, bilib ki, Vüsalə Əlizadəyəm.
Bir də gördüm ki, bacımın həyat yoldaşı Elşən mənə zəng vurub soruşur ki, Vüsalə, sən maşın vurmusan? Cavab verirəm ki, xeyr, vurmamışam, sadəcə keçəndə digər avtomobilin yan şüşəsini cızmışam. Restorana girməzdən əvvəl kartla həmin şəxsin kartına pul atdım ki, rahat olsun. Bu qədər də olmaz da… Azərbaycanlıyıq və bir-birimizi başa düşəcək dildə danışırıq. Bəzən insanın qarşısına belə şəxslər də çıxır”.