Azərbaycanda şok: “Trendyol”dan sırğa sifariş etdi, əvəzində görün nə gəldi
Azərbaycanda Türkiyənin “Trendyol” onlayn satış platformasından özünə məhsul sifariş verən müştərinin başına iş gəlib.
Ölkə.Az xəbər verir ki, bu barədə müştəri sosial şəbəkələrdə paylaşım edib.
Karqonun fotosunu paylaşan xanım iddia edib ki, sırğa sifariş etsə də, əvəzində qutudan Azərbaycan istehsalı şokolad konfet çıxıb.
O bildirib ki, sifarişin çatdırılmasını yerli karqo şirkətlərindən biri edib.
Sosial şəbəkə istifadəçiləri arasında son vaxtlar “Trendyol” platformasının qüsurlu və ya yanlış məhsul göndərilməsi hallarının çoxaldığını deyənlər də var. Bəzi müştərilər hesab edir ki, problemlər məhz “Trendyol”dan Azərbaycana birbaşa çatdırılmalar başlayandan sonra artıb.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov düşünür ki, Azərbaycanda yerli karqo şirkətləri müştərilərə qarşı belə bir addım ata bilər:
“Çünki AİB-ə karqo şirkətləri barədə çox sayda şikayətlər daxil olur. Məndə olan məlumata görə, oktyabrda karqo şirkətlərinin və onlayn ticarət platformalarının Azərbaycanda böyük bir konfransı keçiriləcək. Mən də həmin konfransda iştirak edərək istehlakçılardan gələn şikayətləri onların üzlərinə çırpmaq istəyirəm. Bu sahədə problem, hər cür aldatma var. Bu cür aldatma da istisna olunmur. Belə bir hal gözləniləndir. Bu məsələni təqib edib araşdırmaq çox çətindir, lakin karqo şirkətlərindən, onların kuryerlərindən belə şeylər gözlənilə bilər.
Səbəbi də budur ki, ölkədə istehlakçı hüquqlarının qorunması məsələsi bərbad vəziyyətdədir. Təsadüfi deyil ki, bir müddət əvvəl cənab Prezident istehlakçı hüquqlarını qoruyan dövlət təşkilatı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini yaratdı.
Güman etmək olar ki, bundan sonra agentlik normal işləyər”.
E.Hüseynov müştərilərin xaricdən qüsurlu, səhv gələn və ya gəlməyən məhsula görə müştərilərin çatdırılma şirkəti ilə alış-veriş platforması arasında qaldığını deyib:
“Burada problemin hansı tərəfdən qaynaqlandığını sübut etmək çox çətindir. Uzaqbaşı “Antiinhisar”a müraciət edə bilər. Lakin bütün hallarda “Trendyol” cavabdehlik daşıyır. Yəni günahkar “Trendyol”dur. O elə bir etibarlı kommunikasiya qurmalıdır ki, sifariş edilən mal sifarişçinin əlinə salamat çatsın.
Onlayn ticarətlə bağlı cürbəcür şikayətlər olur. Məsələn, şikayətçinin biri xarici ölkələrin birindən çox baha qiymətə buxar ütüsü alıb. Məhsul işləməyib. Ya da 1 il əvvəl onlayn ticarətlə xaricdən televizor gətizdiriblər. İstehlakçı götürəndə açmayıb. Sonra görüb ki, kənarı qırılıb. Sübut edə bilmədi ki, özü etməyib.
Bundan əlavə, beynəlxalq istehlakçı təşkilatının verdiyi məlumata görə, onlayn ticarətdən alınan dərmanların 70%-i saxta olur”.
AİB sədrinin fikrincə, ölkəmizdə onlayn ticarətlə bağlı da təşkilat yaradılmalıdır:
“Azərbaycanda bununla bağlı təşkilat var, lakin ölkədə AİB kimi onlarla təşkilat olmalıdır. O cümlədən onlayn ticarətlə məşğul olan istehlakçı hüquqlarını qoruyan təşkilat yaradılmalıdır. Təəssüf ki, yoxdur. Yeni təşkilatlar yaradılmalı, belə hallara qarşı ciddi mübarizə olmalıdır”.