Millinews.az – Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oğuz rayonunun Xaçmaz kəndinin daxili yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, Xaçmaz kəndinin daxili yolları bu günə qədər təmir olunmayıb. Məhz buna görə də kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib. Onlar bildiriblər ki, yolda həm nəqliyyat vasitəsilə, həm də piyada gediş-gəlişlərdə böyük çətinlik yaşanır. Yağış yağanda isə əsas yola çıxış mümkünsüz olur. Buna görə də payız və qış aylarında kəndə giriş-çıxış müşkülə çevrilir.
Xaçmaz kənd bələdiyyəsindən bildirilib ki, kəndin ümumi sahəsi 654 hektar, kənddaxili yolların uzunluğu isə 300 km-dən artıqdır.
Qeyd olunub ki, kənd yollarının 80-85 faizi yararsız haldadır:
“Təmir işləri bəzi hallarda bələdiyyə, əksər hallarda isə kənd sakinlərinin şəxsi vəsaiti hesabına həyata keçirilir. Görülən işlər də müvəqqəti xarakter daşıyır. Çünki yağış suları təmir olunan hissələri yenidən yuyub aparır”.