“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycanda 25 min manat cərimələnə bilər
Bir neçə gün əvvəl Azərbaycana gələn “Kurtlar Vadisi” serialında “Güllü Erhan” obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak barəsində inzibati protokol tərtib olunduğu iddia edilir.
“Qaynarinfo” xəbər verir ki, Erhan Ufak Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələnib.
Sözügedən maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslərin 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Elektron Məhkəmə Sistemində Erhan Ufak adlı şəxslə bağlı məhkəmə işi barədə məlumatın yerləşdirilməsi iddiaların əsassız olmadığına şübhələri artırır. Sistemindəki məlumatdan aydın olur ki, Erhan Ufak dövlət qurumunun qərarından narazı qalaraq Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. İş hakim Günel Əkbərlinin icraatındadır.
Məhkəmənin vaxtı barədə isə məlumat yoxdur.
Qeyd edək ki, Erhan Ufakın Azərbaycanda “Sənət Akademiyası” açıb.