Xəbərlər

“TikTok”da “ulduz xəstəliyi”! Nə məcburdur ki, gənclər sosial şəbəkələrdə axmaq işlər ilə məşğul olsun – SOSİOLOQ

TikTok dünyada ən populyar sosial şəbəkələrindən biridir. Bir milyarddan çox aktiv istifadəçi platformada qısa video kliplər paylaşılır ki, bu da xüsusilə gənclər arasında populyardır. Gənclər populyarlıq qazanmaq və bəyənilmələri üçün bir dəstək axtarırlar. Bu baxımdan məşhur olmağın yolunu sosial şəbəkələrdə axtarırlar. Bəs gənclər arasında “ulduz” olmaq xəstəliyinin və məşhurlaşmaq istəyinin səbəbi nədir?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Sonxəbər.az-a açıqlamasında bildirib ki, bu sahə getdikcə acınacaqlı hala gəlir və artır:

“Gənclər və yeniyetmələr kütləvi şəkildə psixoloji narkomaniyaya düçar olublar. Sosial şəbəkələrdə hər cürə biabırçılıqlar var. Əsas məqsəd özünü göstərmək, dəstək, bəyənmə, pul qazanmaq üçün ağlına gələn-gəlməyən hər cürə qeyri-etik, əxlaqsız hərəkətlər etməyə başlayıblar. Bu artıq faktdır və artmaqda olan tendensiyadır. Artıq geriyə bunun qarşısını almaq yolları qalır. Bütün dünyada, Azərbaycanda sosial şəbəkələrdə istifadə üçün tələblər var. Lakin riayət olunmur. Bizimkilər çox rahat şəkildə qeydiyyatdan keçirlər və üzv olurlar. Yaşlarını böyük göstərirlər və bu metod effekt vermir. İki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində, digəri isə cəmiyyətin özüdür. Normal , ağıllı cəmiyyət belə kanalları sadəcə olaraq şikayət edir, bloklayır. Beləliklə sıradan çıxırlar. Bunlar normal cəmiyyətlərə aiddir və biz normal cəmiyyət olmadığımıza görə, bu hal bizdə çıxış yolu deyil”.

Elçin Bayramlı geriyə inzibati qaydaların qaldığını və xüsusi bir qanunla qadağan edilməli olduğunu deyib:

“Sərt cəza tədbirləri görülməlidir. 18 yaşa qədər, ən pis halda 16 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olunması qadağan olunmalıdır. Əgər üzv olunma halları aşkar olunarsa ciddi cəzalar olmalıdır. Dövlət müəyyən texniki tətbiqlər ilə nəzarətdə saxlamalıdır. Bir çox ölkələrdə belə qadağalar var. Hətta Avropa ölkələrində, ABŞ-nin bəzi ştatlarında və xüsusilə Çində TikTok üzərində müəyyən alqoritmlər vasitəsilə yaş məhdudiyyətinə qadağalar qoyulub. Ümumiyyətlə Çin əhalisinin TikTok-dan istifadə müddətinə məhdudiyyət qoyulub. Burada şəxs 40 dəqiqədən artıq TikTok-da videolara baxa bilmir. Ən əsası xüsusi bir alqoritm vasitəsilə elə sistem qurulub ki, Çin auditoriyası “TikTok”dakı ancaq faydalı kontentləri görür. Elmi və təhsil ilə bağlı faydalı məlumatları görə bilir. Digər zərərli kontentləri görmür. Belə bir texnologiyaya imkanlar var ki, müdaxilələr olunsun. Bu şəkildə, hər-hansı bir formada məsələ tənzimlənməlidir. Əks halda tamamilə biabırçılıq olacaq”.

Sosioloqun sözlərinə görə, gənclər elm arxasınca getmək, dil öyrənmək və inkişaf etmək əvəzinə sadəcə telefonu götürüb biabırçı videolar çəkirlər:

“Ağzına gələni danışır, qeyri-etik hərəkətlər ilə tanınmaq istəyir, özlərinə diqqət qazanmaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Bizim gördüyümüz bir neçə fakt hələ ictimailəşən faktlardır. Əslində məsələ daha pisdir. Qarşısını almaq istəyiriksə yığılıb tədbir görməliyik. İstəmiriksə şikayətlənməyə dəyməz. Onda artıq nədənsə danışmağa ehtiyac yoxdur. Normal cəmiyyət olmaq istəyiriksə bu kanalları bağlamalı və blok etməliyik. İfşa etməli və sıradan çıxarmalıyıq. Texniki olaraq mkanlar var. Xüsusi qanun qəbul edilməli və yanaşma olmalıdır. Son zamanlarda bəzi cəzalanma hadisələri var. Bu təqdirəlayiqdir və müsbət qiymətləndirirəm. Bunu artırmaq lazımdır ki, mənəvi dəyərlərə zidd olan təbliğatlar, paylaşımlar, özbaşınalıq, müasirlik adı altında qudurğanlıq edənlər cəzalandırılmalıdır”.

Elçin Bayramlı bildirib ki, texnologiya ancaq müsbət istiqamətdə yaxşıdır, ancaq mənfi yönümlü istifadə edəcəyiksə bu bizə heç bir fayda verməyəcək:

“Zərər verəcək. Normal və müasir inkişaf etmiş ölkələrdə gənclər və yeniyetmələr öz gələcəkləri üzərində işləyirlər. Bizdə isə tam əksinə tendensiya gedir. İnternet və sosial şəbəkələr bir növ “bıçaq” kimidir. Yaxşı və pis istiqamətdə istifadə etmək mümkündür. Bizdə daha çox pis tərəf istifadə olunur. Buradan bəllidir ki, burada zərəri faydasından çoxdur. Əslində, radikal tədbirlərə əl atmaq yaxşı olardı. Mən olaydım Azərbaycanda Instagram və TikTok platformalarını tamamilə qadağan edərdim. İnternetdən istifadə üçün milyonlarla resurs var. Nə məcburdur ki, onlar sosial şəbəkələrdə axmaq işlər ilə məşğuldurlar. Axtarış sözlərinə və kanallara baxanda ancaq əxlaqsız kontentlər izlənir. Fakt ortadadır. Bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atmaq lazımdır. Əks halda vəziyyət pisləşəcək”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu