Abort zorlamadan daha böyük günahdır
Kuznetskaya Slobodadakı Müqəddəs Nikolay Myra kilsəsinin din xadimi, keşiş Filipp İlyaşenko “Подмосковье сегодня” nəşrinə müsahibəsində qadının təcavüzdən sonra uşaq dünyaya gətirməyə borclu olduğunu bildirib.
Millinews.az Rusiya mediasına istinadən xəbər verir ki, keşişin bu sözləri müzakirələrə səbəb olub. İlyaşenko əmindir ki, həyat, necə yaranmasından asılı olmayaraq, onu məhv etmək olmaz!
“Qətl ehtimalını aradan qaldırmaq zəruri və düzgündür. Qətl törədən və bununla razılaşan cəmiyyətin gələcəyi yoxdur”, – keşiş qeyd edib.
O, abortu aciz bir məxluqun qanuniləşdirilmiş qətli, həmçinin “həyatımızın ən böyük cinayəti və absurdluğu” adlandırıb.
Onun fikrincə, maddi durumun pis olması və ya körpəni təmin edə bilməmək bəhanədən başqa bir şey deyil. “Kilsə ehtiyacı olan hər kəsə maddi imkanlar da daxil olmaqla bütün mövcud vasitələrlə dəstək verir. Kilsə xəstəxanalarda yatan və həyatı məhv olanlara yardım göstərir. Biz həmçinin zorlama nəticəsində doğulan uşaqlara kömək edə bilərik”, – Filip İlyaşenko deyib.
Qeyd edək ki, Dövlət Duması zorlamadan sonra abortu 22 həftədən 12 həftəyə endirməyi təklif edirdi. Dumanın komitəsi ərin razılığı ilə səkkiz həftəyə qədər abortlara icazə verilməsi ideyasını müzakirə edəcək. Hazırda Rusiyada istək əsasında aborta 12 həftəyə qədər, sosial səbəblərə görə 22 həftəyə qədər, tibbi səbəblərə görə isə müddətdən asılı olmayaraq icazə verilir.
Bu yaxınlarda isə Rusiya Səhiyyə Nazirliyi abort dərmanlarının sərbəst satışını qadağan edib. 1 sentyabr 2024-cü il tarixindən etibarən tabletlər yalnız reseptlə satılacaq. Bir neçə ildir ki, Rusiyada doğuşa nəzarət və abort sahəsində ardıcıl siyasət aparılır.