“44 günlük Vətən müharibəsi erməni faşizminin başını əzdi”
“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir ordu quruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi”.
Bu fikirləri Millinews.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur olduğunu vurğulayan millət vəkili xatırlatdı ki, bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir:
“44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyiməhz Prezident cənab İlham Əliyev edirdi. Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.
30 il müddətində torpaqlarımızı işğalda saxlayaraq Azərbaycana qarşı talançılıq, çoxnövlü terror törədən Ermənistana qarşı dünya ölkələri,beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr bu ölkəyə havadarlıq etməyə çalışmışlar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü demiş, ermənipərəst dairələri öz yerinə oturtmuşdur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vuraraq, erməni faşizminin başını əzdi”.
Cari ilin sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirildiyini diqqətə çatdıran Cavid Osmanov qeyd etdi ki, öz suverenliyini bərpa edən Azərbaycan 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırdı:
“Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Bu gün böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər təntənəsini yaşayan xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir”.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.