Bu şəxslərə verilən müavinətin artırılması təklif edilir
Əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılması təklif edilir.
Millinews.az xəbər verir ki, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva deyib.
O qeyd edib ki, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsinə ehtiyac var.
Ombudsman həmçinin aşağıdakı təklifləri irəli sürüb:
– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılmasına,
– milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə,
– dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasına,
– Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılmasına
– sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə müyəssər olması üçün uyğunlaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrılması, eyni zamanda belə şəxslər üçün tələbata uyğun sayda müyəssər ictimai nəqliyyat vasitələrinin alınmasına dəstək verilməsinə,
– hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına,
– hərbi qulluqçulara real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin artırılmasına,
– məhkəmə qətnamələrinə əsasən dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan borcun ödənişinin təmin edilməsi məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.