Xəbərlər

Belçikada “Möcüzəvi uçan xalçalar” sərgisi baş tutub


“Azərxalça” ASC Avropada Azərbaycan xalçalarının təbliğatını davam etdirir. Belçikada “Möcüzəvi uçan xalçalar” sərgisi baş tutub.

Azərbaycanın Belçikadakı səfirliyi, AZPROMO və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Brüsseldə fəaliyyət göstərən Frison Horta Fondunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib. 6 noyabr 2023-cü il tarixində “Möcüzəvi uçan xalçalar” sərgisinin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Belçika dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Belçikada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbiri açıq elan edən Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini və “Azərxalça” ASC – nin xalçalarımızın təbliğatında gördüyü işləri xüsusi qeyd edib.

Daha sonra Frison Horta Fondunun rəhbəri Nupur Tron hər kəsi salamlayaraq, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə malik olduğunu, ənənələrə əsaslanan bu sənətin Azərbaycanla yanaşı bütün dünyada yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. Şərqlə qərbi birləşdirən bu fisünkar mədəniyyət sahəsinin, Azərbaycanın milli mənəvi sənət nümunəsi xalçalarının Frison Horta fondunda sərgisinin təşkil olunmasının qürurverici hiss olduğunu vurğulayıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışı zamanı bu möhtəşəm tədbirin qarşıdan gələn “Zəfər günü” nə həsr olunduğunu qeyd edərək tədbir iştirakçılarına həm günün tarixi, həm də təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.

Sərgi iştirakçıları daha sonra ləziz Azərbaycan təamları, yerli şərab nümunələrinin dadına baxıb, muğam triosunun əvəzsiz ifalarından mənəvi zövq alıb.

Sərgi ziyarətçiləri üçün əsl Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub, ustad dərsləri verilib. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub.

Noyabr ayının 7- i xüsusilə uşaqlar üçün nəfis tərtibatda və ingilis dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətinə aid kitablar və bröşürlər paylanılıb, xalçaçılıq sənəti və ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Sərginin qapıları 6 noyabr – 6 dekabr tarixlərində avropalı xalça sevərlər üçün Frison Horta Fondunda açıq olacaq. Sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu