Xəbərlər

Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz haqda kitabın təqdimatı keçirilib


Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə (STM) “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatı keçirilib.

Millinews.az bildirir ki, ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-cil ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim etdi. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirdi. Bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışın əməl etməyə çalışaraq I və II cilddə Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidəni tədqiq edib dövlətə təqdim etmə imkanına müvəffəq olub.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Kitabda 22-məbəd, 20-qala, 18-qayaüstü təsvirlər/qədim yaşayış məskənləri, 11-Pir/ocaq/ziyarətgah, 11-qəbirüstü abidə, 10-türbə, 9-daşüstü kitabə, 8-məcid, 6-karvansara, 6-körpü, 5-arxeoloji abidə, 4-qəbirüstü heykəl, 4-dini məktəb, 3-günbəz, 3-etnoqrafik arxeoloji abidə, 3-mədrəsə, 1-məhəllə haqqında məlumat verilib. Ermənilər tərəfindən bu abidələrin 76-sı mənimsənilib, 44-ü xaraba qalıb, 24-ü isə tamamilə dağıdılıb.

Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradır. Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır.

Kitabın təqdimatında ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

STM İH-nin sədri, millət vəkili Zahid Oruc bunları qeyd edib:

Qələbəmizin 3-cü ildönümünü dünya azərbaycanlıları və ədalət istəyən milyonlarla tərəfdarlarımızla birlikdə təntənə ilə qeyd edirik. Prezident İlham Əliyev 2020-ci il 20 noyabrında xalqa müraciətində deyir, sitat:“biz tarix yazırıq, yeni tarix! Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir!”. Göründüyü kimi, ölkə başçısı yeni siyasi təqvimin-Azərbaycanın Möhtəşəm 100 ilinin başlandığını bəyan edir. Ona görə də qəhrəman şəhidlərimizə, 70 mindən artıq orden-medalı daşıyan ordumuza ehtiramla, 8 noyabr parlaq Zəfəri, Qələbə rəmzinə çevrilən Dövlət Bayrağı və bütövləşən Konstitusiyanın yeni ildönümü məğlubiyyət tarixinin bitdiyini göstərir, noyabrı Zəfər ayı kimi müqəddəsləşdirir. Gəlin unutmayaq ki, 1991-ci ildə Azərbaycan siyasi müstəqilliyini elan edərkən Dağlıq Qarabağ ərazisinin üçdə biri işğal altında idi, ona görə də 15 oktyabr Qələbəmizin Xankəndi zirvəsi yeni dövlət müstəqillyi, istiqlal, bütövlük günüdür və qanunla rəsmiləşməyə, əbədiləşməyə layiqdir.

Bu coşqu və şərəf günlərində bir daha vurğulayaq ki, 2003-cü ildə müqəddəs Qurani-Kərimə and içərkən, 8 noyabrda Şuşa Zəfərini xalqa müjdə edərkən və 15 oktyabrda Xankəndindən dünyaya səslənərkən İlham Əliyevin nitqi dövlət başçısının minlərlə çıxış və açıqlamaları sırasında hər zaman müstəsna, parlaq yer tutacaqdır.

Sizinlə toplaşdığımız bu salon-Şəhidlər Xiyabanı, Prezident Sarayı və Təhlükəsizlik orqanlarının əhatəsindədir və xalqımıza qarşı cinayət aktları törədən erməni hərbi-siyasi rəhbərlərinin bir addımlıqda mühakimə edilməsi ilahi ədalətin təntənəsidir. Adətən təsəvvürlər reallıqdan irəli olur, lakin ölkəmizin gerçəkliyi düşüncələrimizi ötür, arzularımızı qabaqlayır.

8 noyabrda gözlənilən Zəfər paradının Xakəndi-Şuşa zirvəsinə çatması və təntənəli keçidi Silahlı Qüvvələrimizin haqqıdırsa, Azərbaycanın çarizm, sovet və müstəqillik tarixində heç bir liderə müyəssər olmayan missiyadırsa, Ulu öndər Heydər Əliyevin ikinci arzusunun-Göyçəyə, Zəngəzura, İrəvana qayıdışın da reallaşacağına inanırıq. Lakin dinc yolla, silahsız və sülhü qazanaraq..

10-cu Türk Zirvəsi göstərdi ki, Yaxın Şərqin və Rusiya-Ukrayna müharibəsinin gələcək qlobal nəticələrinə də Azərbaycan dövlətinin düzgün, hərtərəfli, strateji baxışı istənilən beynəlxalq konflikti ədalətlə sonlandırmağa imkan verir.

Zəfər bayramında keçirilən festivallar, simpoziumlar, marşlar, müsaqibələr, elmi yaradıcılıq silsiləsinin davamı olaraq, Sosial Tədqiqatlar Mərkəzi “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində dəyərli araşdırmaçı Əfqan Vəliyevin “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz” kitabının ikinci cildini elmi ictimaiyyətə təqdim edir. Əsər qərbi azərbaycanlıların yüz illərlə yaratdıqları abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların ruhi və fiziki kimliyini, milli tariximizin hard diski kimi bərpa edir. 3 il əvvəlki milli birliyimizi qorumaq və onu gələcək nəsillərə ötürmək, hər bir xalqın varlığının zəmanəti olan milli tarixi yaddaşı siyasi, mədəni, bədii salnamələrə və kitablara köçürmək, Qələbə ideologiyasını formalaşdırmaq üçün dövlət və hökumət təmsilçiləri, elm və təhsil adamları, düşüncə və fikir aydınları bir araya gəlib.

Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü il Ulu öndərin 100 illik yubileyi ilə üst-üstə düşür. Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir. Lakin “Böyük Qayıdış” əslində Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də Odur.

Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi.

Azərbaycan müstəqilliyin bərpasının 32-ci ilində Böyük Qayıdış idealı ətrafında toplana bilib. Qələbəmiz bütün tarixi dövrlərdə köçkün düşən insanların öz köklərinə dönüş ruhunu oyadıb. Millətimizin yeni hədəfləri ilk dəfədir, vətənin sərhədlərini aşır. Lakin Prezident Qərbi Azərbaycana qayıdışı Silahlı Qüvvələrin qarşısında deyil, alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəni və siyasi məfkurəni hazırlayan qurumların, qalib gəncilyin və uşaqların qarşısında irəli sürür.

Gəlin, tarixin dərslərini unutmayaq. I Dünya Müharibəsindən sonra Almaniyanın diz çökdürülməsi II Dünya Müharibəsini doğurdu. Lakin ikinci məğlubiyyət də son olmadı və nəhayət, Almaniya birləşdi. I Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalı növbəti Vətən savaşına gətirdi. Lakin bizim qələbəmiz Almaniyanın geosiyasi şəraitdən doğan qansız birliyindən daha əzəmətlidir, çünki Azərbaycan qalibiyyəti hərbi meydanda qazanıb.

İlham Əliyev 24 dekabr 2022-ci il tarixində özəl günündə-ona qədər məcburi köçkünlərlə keçirdiyi görüş ənənəsini qərbi azərbaycanlılarla əvəzlədi, Qayıdışı daha böyük üfüqlərə daşıdı. Qaydış yalnız azad torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni köklərə, dəyərlərə, ənənələrə, əcdadların irsinə və yaratdıqları mirasa, bir sözlə öz varlığına və kimliyinə sahib çıxmaq deməkdir. Prezidentin çağırışı əsla “Rusiya, İran, Gürcüstan və Ermənistan ərzilərində tarixi torpaqlarımız qalıb, qonşu dövlətlərə hücum və ərazi iddiaları edək” deyil, könül və siyasi coğrafiyamızın 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır. Biz heç bir dövlətə ərazi iddiası etmirik.

Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.

Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək alqışa layiqdir, çünki Birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. Lakin İlham Əliyev tarixə torpaq qaytaran Zəfər Komandanı kimi düşdü. Ona görə də prezidentin dediyi:”..kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər” sözləri məğlubiyyəti və güzəşti deyil, qələbəni hədəf seçən səfərbərlik şüarıdır.

Konfransın gündəliyi Münxen zirvəsinin sərlövhəsinə, ”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adına uyğun seçilib, halbuki Qərbin Qafqaz dağlarına 100 il əvvəl və indi niyə gəldiyini yaxşı bilirik, lakin ölkə rəhbəri Göyçə və Zəngəzuru hərbi yolla tutmağa çağırmır. Cənubi Qafqazın düşmənçilikdən xilası, birlikdə kommunikasiya, infrastruktur, iqtisadiyyat, ticarət və gələcək quruculuğu erməni-azərbaycanlı düşmənçiliyinə son qoyar. Bu gün ABŞ-da 500 min, Fransada 600 min, İranda 200 min, Livanda 150 min, Suriyada 100 min, Rusiyada 2,5 milyon erməni toplumu yaşadıqları cəmiyyətlərə necə inteqrasiya ediblərsə, Azərbaycanla da sülh, sabitlik, təhlükəsizlik şəraitində yaşaya bilərlər.

Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması mühüm mədəni, hüquqi və siyasi hadisədir. Təşkilatın 100 minlərlə insanı təşkilandırması, tarixi yaddaşı oyatması və keçmişlə rabitə qurması, dövlətimizin beynəlxalq mənafelərini qoruması doğma torpaqlara dönüşü yaxınlaşdırır. Yüzilliklər ötdükcə maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin yaşadğı torpağa mənsubluğunu göstərən pasporta, kadastr aktına çevrilir. Beləliklə, İrəvan, Göyçə, Zəngəzur milli ideyaya çevrilir. Tarixi yaddaş bərpa olunur. İlham Əliyevin 2020-ci ildə Akstafada “bunu pozun və Qarakilsə yazın” sözlərini xatırlasaq, prezident “öz xəritəsi”ni yaratdı və dünyaya qəbul etdirdi.

Maddi-mədəni irsi qorumağa borclu olan UNESCO Yeliseyin xarici siyasət silahına çevrilib. Ermənistanda yox, Qarabağda maddi-mədəni irsi peyk görüntüsü ilə müəyyənləşdirən Fransa mədəniyyət naziri bəyan edir ki, ermənilərə məxsus 5200 obyekti müəyyənləşdiriblər. Göründüyü kimi, Zəfərimizin Xankəndi zirvəsindən sonra xristian irsini qorumaq adı altında Azərbaycana xarici müdaxiləni beynəlxalq gündəmdə saxlamağa çalışırlar. Yeri gəlmişkən, nazir Annalena Berbök 3 gün əvvəl İrəvana səfərdə bəyan edib ki, Almaniya Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Təsəvvür edirsiniz, düz 105 il əvvəl də ingilis orduları İrəvana gəlmişdi. Nəticəsi sizə bəllidir. Tarix təkrar olunur. Bir vaxtlar vahid səngərdə erməni-rus-azərbaycanlı-faşizmə qarşı savaşanlar indi erməni-alman orduları ilə üzə-üzə qalacaqlar.

Ona görə də ən mühüm vəzifə təkcə elitanı deyil, hər bir azərbaycanlını böyük tarixi ideallara hazırlamaqdır. Son iki yüz ildə ən azı 7 dəfə fərdi və milli sərvətlərimiz yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Fransa siyasi kapital hesab edilir. Lakin Azərbaycan dövləti heç zaman indiki qədər Ermənistandan güclü olmayıb.

Əziz dostlar, “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır”. Qarabag konflikti İrəvandan başlandı, orada da bitəcək. Berlin divarının çökdüyü kimi Bakı və İrəvanın mədəni, mənəvi, iqtisadi, ticarət bağları bərpa olunacaq, beyinlərə çəkilən sədd aradan qalxacaq. O üzdən fikir adamlarımız Bakı və İrəvanı düşmən termin kimi işlətməsələr, siyasi mübarizəmizə daha böyük töhfə olar.Xankəndində məskunlaşmış erməni əhalinin geri qaytması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı?

Nəhayət, sonda dünya düzəni, daha doğrusu xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır. Hər bir azərbaycanlı deyir:

Biz bir daha köçkün düşməyəcəyik!

Biz bir daha qaçqına çevrilməyəcəyik!

Biz bir daha işğala və torpaq itkisinə məruz qalmayacağıq!

Qələbəmiz davamlı və əbədi olacaqdır!”

Daha sonra millət vəkili Əziz Ələkbərli çıxış edib:

“Azərbaycanda mədəni irsin qorunması, öyrənilməsi və təbliğ edilməsi artıq bir ənənəyə çevrilib. Biz bu ənənənin ən bariz nümunəsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hələ ilk mərhələsində görürük. Onun elm, ədəbiyyat, mədəniyyət xadimlərinə diqqət və qayğısı hamımızın yadındadır. Məhz o böyük Şəxsiyyətin diqqət və qayğısı sayəsində 1970-ci illərdə Azərbaycanın kino, teatr, musiqi sənəti çox böyük inkişaf yolu keçib, ədəbiyyat və incəsənət xadimlərimiz ali dövlət mükafatlarına layiq görülüb. Hakimiyyətinin ikinci dövründə də Ulu Öndərin bu siyasətiniin şahidi olmuşuq.

Prezident İlham Əliyev də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasətini uğurla davam etdirib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də YUNESCO və İSESCO-nun xəttilə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dünyaya tanıdılması istiqamətindəki möhtəşəm fəaliyyəti isə hər kəsə məlumdur.

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ məsələsi tarixin arxivinə göndərildikdən sonra cənab Prezidentin keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı çıxışı zamanı Azərbaycanın Qarabağ münaqişəsindən sonrakı dövr üçün yeni hədəflərini açıqladığı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irsi məsələsi xüsusi yer tutdu. Bu konsepsiyada İcmanın bu sahədəki vəzifəsi aydın şəkildə elan edildi: “İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək”.

Və bu gün təqdimatına toplaşdığımız “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası yolunda irəliyə doğru atılmış növbəti addımdır. Mən bu addıma görə kitabın müəllifi hörmətli Əfqan müəllimə və xüsusilə layihə rəhbəri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarım, hörmətli Zahid müəllimə öz dərin təşəkkürümü bildirirəm.

Niyə hörmətli Zahid müəllimə xüsusi təşəkkür edirəm? Ona görə ki, mən bilirəm ki, Zahid müəllim bu kitabın işıq üzü görməsi və bugünkü təqdimatın belə yüksək səviyyədə keçirilməsi üçün necə can yandırıb.

Və yadıma 20 il əvvəl eyni mövzudakı “Qərbi Azərbaycan abidələri” kitabımın taleyi gəlir. 2004-cü ildə tamamladığım və Qərbi Azərbaycandakı 134 abidənin 207 görüntüsünü və hər abidə haqqında Azərbaycan və ingilis dillərində qısa oçerklər daxil etdiyim həmin kitabı nəşr etdirə bilmək üçün düz iki il müraciət etmədiyim ünvan qalmadı və ancaq iki il sonra o kitabı nəşr edə bildim.

Bir il sonra isə yalnız o vaxtkı Mədəniyyət nazirinin müavini, hörmətli Ədalət Vəliyevin təşəbbüsü və böyük zəhməti ilə “Qərbi Azərbaycan abidələri” kitabı daha mükəmməl variantda – 162 abidənin 239 görüntüsü ilə beş dildə nəşr olundu. Lakin o vaxt mən ancaq şəkillərini əldə edə bildiyim abidələri kitaba daxil etmişdim. Halbuki Qərbi Azərbaycan ərazisində bundan dəfələrlə çox şəkillərini əldə edə bilmədiyimiz arxeoloji, dini, hərbi, mülki abidələr vardı. Bundan əlavə, hər mahalda, kənddə pirlər, ocaqlar, məscidlər, qəbirüstü abidələr, türbələr mğvcud olub ki, onların əksəriyyətinin görüntülərini, ümumiyyətlə əldə etmək mümkün deyil. İki il əvvəl bu gün təqdimatına toplaşdığımız bu kitabın 1-ci cildini hazırlayanda Əfqan müəllimlə biz estünlüyü şəkillərini əldə edə bilmədiyimiz həmin maddi mədəni irs nümunələrimizə verdik. Daha sonra Əfqan müəllim bu işi uğurla davam etdirdi və bu gün artıq biz bu kitabın 2-ci cildinin təqdimatına toplaşmışıq.

Bu kitabın bir tarixi əhəmiyyəti də ondadır ki, Qərbi Azərbaycan İcması olaraq biz UNESCO-nun diqqətini indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edirik və təqdimatına toplaşdığımız bu və bu kimi kitablar bizi yeni fakt və sübutlarla silahlandırır.

Xatırladım ki, bu il martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Mayın sonlarında bizim bu müraciət BMT-nin rəsmi sənədi kimi, BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) yayıldı. Və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı.

Bu il sentyabrın 5-də isə UNESCO-dan İcmaya artıq ikinci rəsmi cavab gəlib və UNESCO İcmaya cavab məktubunda mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib.

Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir.

Və bütün bunlar təqdimatına toplaşdığımız “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabının elmi dəyəri ilə yanaşı, siyasi-ideoloji əhəmiyyətini də təsdiq edir.

Kitabın müəllifini bu uğuruna görə bir daha təbrik edirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu