Xəbərlər

Qurultay iştirakçıları prezidentə müraciət ünvanladılar

prezident

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayınının nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Millinews.az həmin müraciəti təqdim edir:

“Möhtərəm cənab Prezident!

Biz – Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları bizə ünvanladığınız müraciətinizdə Azərbaycan qadınlarına verdiyiniz yüksək qiymətə və bu tədbirin keçirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk. Bir daha vurğulayırıq ki, Qurultayın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasından böyük fəxarət hissi keçiririk.

Azərbaycan qadınlarının müxtəlif illərdə keçirilən qurultayları və forumları ölkədə qadın hərəkatının fəallaşmasına səbəb olmuş, onun daha mütəşəkkil xarakter almasında mühüm rol oynamışdır. Bu platformada qadınlar ölkənin ictimai siyasi həyatında baş verən hadisələrə və onların qadınların vəziyyətinə təsirlərinə münasibət bildirirlər, qadın hüquqlarının təmin edilməsi ilə bağlı geniş müzakirələr aparır, nailiyyət və problemləri vurğulayırlar.

Qurultayın Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və erməni əsarətindən azad edilmiş torpaqlarımıza Böyük Qayıdış dönəmində keçirilməsi bizi qürurlandırır və ölkəmizin parlaq gələcəyi naminə səfərbər olmağa sövq edir.

Müzəffər Ali Baş Komandan kimi Sizin qətiyyətli rəhbərliyiniz, Rəşadətli Azərbaycan Ordusunun əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizlənərək, 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qeyd etməyi lazım bilirik ki, bu zəfəri həm də Azərbaycanın məğrur, qeyrətli qadınları və analar qazandılar. Bütün xalq gücünü Sizin dəmir yumruğunda cəmləyərək onu düşmənin başına endirməkdə Sizə dəstək oldular.

Bu gün müharibəsinin acı nəticələrinin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, qaçqın və məcburi köçkün əhalinin qayıdışının təmin olunması, əhalinin rifahı və həyat səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdir. Bu məqamda da Azərbaycan qadınının ön sıralarda olacağı şübhəsizdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda Sizin müdrik rəhbərliyinizlə sülhyaratma və reinteqrasiya məsələlərinində uğurla reallaşacağına əminliyimizi ifadə etmək istərdik.

Bu gün biz Azərbaycan Qadınlarının VI Qurultayında bir daha fəxrlə vurğulayırıq ki, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin əsasını qoymuş Dahi Lider Heydər Əliyevin davamçısı kimi, Sizin tərəfinizdən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə gender bərabərliyinin təmin olunmasına, qadınların ictimai həyatın bütün sahələrində kişilərlə bərabər iştirakına, məşğulluğunun artırılmasına, onlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə diqqət artmış və bu sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Türkiyə, Özbəkistan və Tacikistan respublikalarının dövlət rəsmilərinin, beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin də qatıldığı VI Qurultay öz işini uğurla başa vurdu. Respublikamızın bütün regionlarının təmsil olunduğu bu möhtəşəm tədbirdə Böyük Qayıdış, qadın hüquqlarının təmin edilməsi, sosial-iqtisadi islahatların gender aspekti, gender məsələləri ilə bağlı müasir tendensiyalar və növbəti qurultaya qədərki dövrün hədəflərinə dair mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıldı və yekunda Qətnamə qəbul edildi.

Biz etiraf edirik ki, qloballaşan müasir dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər eyni ilə Azərbaycanda da mövcuddur. Xüsusilə gender əsaslı ayrı-seçkilik, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri beynəlxalq aləmdə fundamental insan hüquqlarının pozulmasına zəmin yaradan narahatedici məsələlər kimi hədəfə alınaraq onlarla mübarizə aparılır.

Azərbaycan Qadınlarının VI Qurultay iştirakçıları Sizə müraciət edərək, ölkədə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinin genişləndirilməsi, onların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının stimullaşdırılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsi istiqamətində bizə dəstək olacağınıza inanırıq. Bu yolda Sizə uğurlar arzu edirik!

Hörmətli cənab Prezident!

Biz, bütün Azərbaycan qadınlarını təmsil edən Qurultay nümayəndələri, Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttinizi, dərin zəka, və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə olan etibarımızı, inamımızı bildiririk”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu