Samvelin arzusu, Sarkisyanın fırıldağı: İrəvanda nəyin davası gedir?
Ötən həftənin cümə günü Qarabağ erməniləri İrəvan şəhərində süqut etmiş qondarma rejimin binası qarşısında etiraz şüarları səsləndirdikdən sonra binaya hücum ediblər. Diqqət çəkən məqam odur ki, ətrafa cəlb edilən polis qüvvələri Qarabağ ermənilərinə mane olmayıblar.
Adətən, İrəvanda keçirilən etiraz aksiyalarında polislə aksiya iştirakçıları arasında ciddi qarşıdurma olur, amma bu dəfə polis sadəcə seyrçi qalmağı üstün tutub. Özünü hələ də separatçı rejimin lideri sayan Samvel Şahramanyan onlarla görüşərək suallarını cavablandırıb. Bununla belə, etirazlar səngiməyib və aksiya iştirakçıları Samvelin qardaşı Kareni döyməkdən, pencəyini cırmaqdan belə çəkinməyiblər.
Aksiyanı Samvel Babayan təşkil edib
Erməni KİV-in məlumatına görə, aksiyanın təşkilatçısı separatçı rejimin keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayandır. O, bir qrup Qarabağ ermənisini Şahramanyana qarşı qızışdıraraq binaya göndərib. Bunun bir sıra səbəbləri var. Birincisi, Babayan uzun müddətdir Qarabağ ermənilərinin “lideri” olmaq niyyətindədir və dəfələrlə də bunu dilə gətirməkdən çəkinməyib. İkincisi, mövcud vəziyyətdə diasporun da tələbi və dəstəyi ilə “mühacirət dövləti” söhbəti dövriyyəyə buraxılıb və Samvel bu işi öz üzərinə götürmək niyyətindədir. Üçüncüsü, S.Babayan Ermənistanın baş naziri Nikol Paşinyana yaxın adamdır və onun diktəsi ilə hərəkət edir. Bu aksiya isə Paşinyanın maraqlarına uyğundur.
Nikol Paşinyanın diktəsi
Qarabağ ermənilərinin etiraz aksiyasının ilk dəqiqələrindən sifarişçinin baş nazir Nikol Paşinyan olduğunu sezmək mümkün idi. Polisin laqeyd münasibəti, aksiya iştirakçılarının baş nazir əleyhinə heç bir şüar səsləndirməməsi bundan xəbər verir. Əslində sosial problemlərdən sıxılan, polis tərəfindən cərimələnən, bir az bankda pulu olduğu üçün yardımdan məhrum edilən Qarabağ ermənisinin Paşinyanın əleyhinə yox, sırf separatçı rejim əleyhinə çıxışı bunu deməyə əsas verir.
Ermənistan hakimiyyətinə qarşı narazılıqların günü-gündən artması fonunda Qarabağ ermənilərinin də narazılığı Paşinyan üçün xoş sürpriz sayıla bilməz. Nikol gözəl anlayır ki, bir gün bu etirazlar İrəvanın mərkəzində hökumətə qarşı böyük mitinqlə nəticələnə bilər. Bu səbəbdən də bilərəkdən həm “günah keçisi” kimi separatçı rejimi göstərir, həm də Qarabağ erməniləri arasında parçalanmaya nail olur.
Samvel “piroq”dan pay umur
Samvelin isə arzusu Qarabağ ermənilərinə heç olmasa indiki vəziyyətdə “liderlik” etməkdir. Burada diqqət yetiriləsi məqam maliyyə resurslarıdır. Qarabağdan daşınan pul və qızıl ilə yanaşı, Ermənistana köçən ermənilərə ayrılan maliyyənin idarə edilməsi Samvelin iştahasını artırıb. Sirr deyil ki, bu tip məsələlərdə maliyyəyə kimin nəzarət edəcəyi əsas faktordur. Paşinyana bu işi öz adamına həvalə etmək daha sərfəlidir. Babayan da bu “piroq”dan öz payını almaq niyyətindədir. Elə bu səbəbdən də Qarabağ erməniləri etiraz aksiyası zamanı separatçı rejimin uzun illərdir talançılıq və korrupsiya ilə məşğul olduğunu, onun rəhbərlərinin özləri üçün böyük sərvət topladıqlarını dilə gətiriblər. Plana uyğun hərəkət edən aksiya iştirakçıları əslində Paşinyanın və Babayanın dəyirmanına su töküblər.
Sarqsyanın üzə çıxan fırıldağı
Qarabağ ermənilərinin aksiyasından sonra daha bir maraqlı məqam üzə çıxıb. Məlum olub ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da Qarabağ hesabına külli miqdarda pul qazanıb. Sirr deyil ki, Ermənistan uzun illər separatçı rejimi bəsləyib. Bununla yanaşı, Sarkisyan özünə yeyinti mənbəyi yaratmaq üçün Ermənistanda fəaliyyət göstərən bankları Qarabağdakı separatçı rejimin buraxdığı istiqrazları almağa məcbur edib. Ortada isə böyük məbləğ var və büdcə kəsiri ilə yanaşı, xarici dövlət borcu hər il artan Ermənistan üçün bu, böyük rəqəmdir. Belə ki, artıq Ermənistandakı banklar aldıqları istiqrazlar üçün hökumətdən kompensasiya tələb edirlər. Tələb edilən pul 800 milyon dollardır. Ermənistan hökumətinin nümayəndələri Mərkəzi Bankın sədri ilə gizli görüş də keçiriblər. İndi məsələ “yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal” misalına çevrilib. Baş nazirin müavini Mher Qriqoryan kompensasiyanın ödənməsindən imtina edə bilmir. Hakim partiya isə buna kəskin etiraz edir. Əgər məbləğ ödənməsə, yeni etiraz dalğası başlayacaq. Ödənəcəyi halda isə separatçı rejimə dəstək durmaq məsələsi üzə çıxacaq. Hər iki halda Ermənistan hökuməti çıxılmaz dalana dirənib. Paşinyan isə bu məsələdən Serjə qarşı istifadə etmək, açılan cinayət işlərinə yenisini əlavə etdirmək niyyətindədir.
Dava pul davasıdır
Yuxarıda sadalananlardan da məlum olur ki, hazırda Qarabağın separatçı rejimi ilə Ermənistan hökuməti arasında maliyyə resurslarının idarə edilməsi məsələsində ixtilaf yaranıb. Paşinyan həm bu resursu separatçı rejimə qapdırmaq istəmir, həm də etirazların mənbəyi kimi Şahramanyanın dəstəsini göstərir. Şahramanyan isə maliyyə resurslarına nəzarəti itirməmək üçün “Qarabağ hökuməti fəaliyyət göstərir” tipli sərsəm açıqlamalar verir. Görünən odur ki, tərəflərin pul davası yaxın dövrdə yeni fazaya qədəm qoyacaq. Çünki Paşinyan bu resursu itirməmək üçün Şahramanyan və dəstəsinə qarşı cinayət işləri açdırmaq, həbsə göndərmək yolunu seçəcəyinə işarə edib. Artıq separatçı rejimin bir sıra üzvləri Ermənistanın təhlükəsizlik orqanları tərəfindən dindirilir… (“Kaspi” qzəeti)