Qaribaşvili Əli Əsədov və Paşinyanla görüşündən YAZDI
Gürcüstan hakimiyyəti regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərini davam etdirməyə hazırdır.
Millinews.az-ın məlumatına görə, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.
“Şadam ki, “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olub ki, biz Cənubi Qafqazın gələcəyi, irimiqyaslı regional layihələr, strateji layihələrin həyata keçirilməsi barədə birgə danışaq. Bu hamımızın ümumi maraqlarına cavab verir.
BMT tribunasından səsləndirdiyim dinc təşəbbüslər çərçivəsində ölkələrimizin rifahı naminə regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, – İrakli Qaribaşvili yazıb.
Xatırladaq ki, 2021-ci ilin sonunda Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü”nə başlayıb. Baş nazir Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.