Çinli anaların uşaq tərbiyəsində qeyri-adi üsulları
Çin həyatın bir çox sahələrində inanılmaz tempdə inkişaf edən və uğurlu nəticələr əldə edən bir ölkədir. Səmavi İmperiyanın hər bir sakininin fantastik zəhməti və əzmkarlığı sayəsində bu xüsusiyyətlər demək olar ki, doğuşdan insanın xarakterinə kök salır. Uşaqlar sərt qaydalarla böyüdülür ki, gələcəkdə həm ailəsinə, həm də vətəninə xeyrli övlad ola bilsin. Bəs çinli analar bunu necə edirlər?
Millinews.az oxucuları çinlilərin uşaq tərbiyəsi ilə maraqlı faktlatla tanış edir.
Hamiləlik və doğuş
Çinli qadınlar analıq məzuniyyətinin analığa hazırlığın vacib bir hissəsi olduğuna inanırlar, buna görə də bütün 9 ay ərzində istirahət etməyə, səyahət etməyə, sənət və hobbi ilə məşğul olmağa çalışırlar. Ancaq doğuşdan cəmi bir neçə ay sonra qadın işə qayıdır. Körpəsini adətən nənələrdən birinə etibar edir və ya körpələr üçün nəzərdə tutulmuş uşaq bağçasına göndərirlər.
Beşikdən təlqin edilir
Göbək kəsildiyi andan uşağa yeridilir ki, birinci və ən əsası uğur olmalıdır. Beləliklə, 6 aylığında körpə artıq qorşoka öyərdilir, 1,5 yaşında daha mürəkkəb tapşırıqları öyrətməyə başlayırlar, bu da heyrətamiz nəticələr verir. Məsələn, 3 yaşında balaca çinli uşaqlar bıçaqdan istifadə etməyi, özlərini yumağı və dişlərini vaxtında fırçalamağı, otaqda təmizlik etməyi bilirlər. 4 yaşında bir çox uşaq artıq yaxşı oxuyub yaza bilir.
Göz yaşları ilə gülmək
Körpə ağlayırsa, bu o deməkdir ki, o, sizi manipulyasiya edir – Çinli valideynlər belə düşünürlər. Odur ki, bizim analar kimi ilk hıçqırıq səsini eşidən kimi övladının köməyinə qaçmağa tələsmirlər. Çinli ana əvvəlcə təxminən 15 dəqiqə gözləyəcək, bunun manipulyasiya ehtimalı olub-olmadığını müəyyən edəcək və yalnız sonra problemin həllini axtarmağa başlayacaq.
2 yaşına çatanda isə evdə göz yaşlarına ümumiyyətlə, məhəl qoyulmur: körpə göz yaşlarına boğulubsa, özü valideynlərinə yaxınlaşmalı və bu davranışının səbəbini izah etməlidir. Çində ancaq təbəssüm və xoş əhval-ruhiyyə qiymətləndirilir.
Seçim etmək şansından məhrum olurlar
3 yaşından etibarən uşaqların əlavə məşğuliyyətlərə getməsi tələb olunur və əlavə dərslərlə yüklənir. Mahnı, rəsm, musiqi məktəbi, idman dərnəkləri, danışıq dərnəkləri yüksək qiymətləndirilir.
Uşağın nə ilə maraqlanacağına yalnız ana qərar verir. Məsələn, “Pələng anasının döyüş fəryadı” kitabının müəllifi Emi Çua qızına pianodan başqa bir şeylə maraqlanmağı qadağan etmişdi. Qız hətta Yeni il və ad günü hədiyyələrindən məhrum olduğu üçün musiqi alətini sındırmağa çalışsa da, tələb olunan parçanı məcburən öyrənib.
Sərt nizam-intizam
6 yaşından etibarən çinli uşaqların həyatından daha ağır bir mərhələ başlayır: oyanmaq, yemək, məktəb, əlavə dərslər, ev tapşırığı, şam yeməyi və yatmaq. Belə bir sərt rejim uşağın parlaq gələcəyinin formalaşdırılması ilə əlaqələndirilir.
Qeyd edək ki, əhalisinin bu qədər çox olduğu ölkədə, şiddətli rəqabətin çiçəkləndiyi bir yerdə tənbəllərə və müftəxorlara yer yoxdur.
Uşaqlar bu qədər çox məhdudiyyətlərə məruz qalmalarının və məsuliyyətlə yüklənmələrinin səbəbini başa düşməkdə çətinlik çəkirlər, buna görə də valideynlər qətiyyətli olmağa və övladlarının istəklərinə əhəmiyyət verməməyə məcbur olurlar.
İlk beşlikdə yer almalısan
“Sınaqda 100 baldan 100 bal toplamağıma baxmayaraq, “Daha çox bal yığa bilməzdin?” deyə anam soruşardı”.
Emi Çuanın kitabından başqa bir sitat valideynlərin uşaqların təhsilinə münasibətini mükəmməl şəkildə təsvir edir. Əgər uşaq aşağı qiymət alıbsa, o zaman çinli ana müəllimi günahlandırmır, uğursuzluğu öz uğursuzluğu kimi qəbul edir və üçqat canfəşanlıqla dərsləri və şagirdin ev tapşırığını yoxlamağa başlayır.
Məktəbin sevimliləri yoxdur
Məktəblərdə və universitetlərdə müəllimlər hər kəsdə biliklərin universal səviyyəsinə nail olmağa çalışırlar. Sevimli şagirdlər və ya dərsdən yayınanlar olmayacaq. Əgər şagird məktəb proqramında yaxşı nəticə göstərmirsə, o zaman hamı imtahandan əla qiymətlərlə keçənə qədər bütün sinif mövzunu təkrarlayacaq.
Valideynlərə əbədi minnətdarlıq
Çinli valideynlər övladına təhsil verməyi və liderlik keyfiyyətlərini aşılamağı öz vəzifəsi hesab edirlər. Onların səyləri o qədər sərtdir ki, bəzən zülmə əl atırlar. Bununla belə uşaqlar onlara həmişə minnətdar olmalıdırlar.
Təhsildə uğur qazanmaq, ananın dediyi yerdə işləmək, bəyəndiyi əri seçmək və vaxtında uşaq sahibi olmaq – Çində bu həyat modeli normal hesab olunur. Müasir gənclər həyat tərzlərini dəyişməyə, həyatlarını necə yaşayacaqlarını seçməyə çalışırlar, lakin əcdadlarının adət-ənənələri və həyat tərzi hələ də çox güclüdür.
Bəli, Çində valideyn-övlad öhdəlikləri və Çin təhsil üsulları uşaqların maraqlarına və duyğularına sevgi, səbr və hörməti aşılayan müasir və şüurlu valideynlik prinsipləri ilə ziddiyyət təşkil edir. Lakin etiraf edək ki, uşaq tərbiyəsində belə bir yanaşma xüsusilə yaşlı nəsil üçün yad deyil.
Aytən Məftun