Cüdo üzrə ilk dəfə rəsmi imtahan keçirildi
Azərbaycan Cüdo Federasiyası (ACF) ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edib.
ACF-dən Millinews.az-a verilən məlumata görə, imtahan Bakı İdman Sarayında gerçəkləşib.
Bildirilib ki, bunun keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
ACF-in idman direktoru Kamran Talıbov kəmər dərəcələri üzrə rəsmi imtahanın təşkilinin Azərbaycanın cüdo tarixində bir ilk olduğunu söyləyib: “Buraya 140 idmançı qatılıb. Təcrübəli münsiflər heyəti tərəfindən şəffaf şəkildə qiymətləndirmələr keçirilir. Bu gənc cüdoçuların karyeralarının bünövrəsini təşkil edir və həvəsləndirici qüvvə rolunu oynayır. Qeyd edim ki, 2025-ci ildən yalnız kəmər dərəcələri olanlar rəsmi daxili yarışlarda iştirak etmək hüququ qazanacaqlar”.
Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru və Avropa Cüdo Birliyinin kata komissiyasının üzvü Mehmet Yılmaz ACF-i bu təşəbbüsə görə təbrik edərək bildirib ki, imtahanın təşkil standartları ən yüksək səviyyədədir: “Beynəlxalq Cüdo Federasiyasında və Avropa Cüdo Birliyində kata və kəmər imtahanları bu formada təşkil edilir. Cüdoya yeni başlayan idmançıların gələcəkdə təhsil sahəsində inkişafı üçün Avropa Cüdo Birliyinin ən son tətbiq etdiyi qaydalara uyğun imtahan verməsi çox önəmlidir. Gələcəkdə Azərbaycan cüdosunda təhsil sahəsində və katada çox mühüm inkişaf olacaq. Azərbaycan cüdoçularının gələcək illərdə kata sahəsində də Avropa və dünya çempionatlarında nəticə əldə edəcəklərinə əminəm. Bütün idmançıları, məşqçiləri, münsifləri və federasiyanı təbrik edirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.