“Böyük Qayıdış”la bağlı hesabat Prezidentə təqdim ediləcək
Azərbaycan Respublikasının Nazirlər Kabinetində ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərin nəticələrinə həsr olunmuş iclas keçirilib.
Bu barədə Millinews.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Bu tapşırıqdan irəli gələrək oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib. İclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri) Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarımilliyi üzrə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib.
Daha sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat verilib və Hesabatla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.
İclasın yekununda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.